...

Əbu Bəkr məscidinin partladılmasında iştirakçı olan "Meşə qardaşları" təşkilatının 25 üzvü həbs olunub - baş prokuror

Siyasət Materials 2 Oktyabr 2008 10:51 (UTC +04:00)
Əbu Bəkr məscidinin partladılmasında iştirakçı olan "Meşə qardaşları" təşkilatının 25 üzvü həbs olunub - baş prokuror

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın baş prokuroru bəyan edib ki, paytaxtın Əbu Bəkr məscidində törədilmiş terrorçuluq aktı ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Əbu Bəkr məscidinin partladılmasında iştirakçı olan "Meşə qardaşları" təşkilatının 25 üzvü həbs olunub", cümə axşamı Trend -un sualını cavablandırarkən baş prokuror Zakir Qaralov bildirib.

Avqustun 17-də, saat 20.50 radələrində Bakıda, Ü.Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidində partlayış olub.

Trend -un arayışı: Naməlum şəxs məscidin pəncərəsini daşla sındıraraq iki ədəd RQD-1 əl qumbarasını məscidin içərisinə atıb.

Rəsmi məlumata görə, hadisə zamanı 2 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4), iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələrilə cinayət işi açılıb.

Azərbaycan Milii Təhlükəsizlik Nazirliyi tərəfindən Qusarda keçirilən antiterror əməliyyatı zamanı qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatının üzvləri zərərsizləşdirilib.

Sentyabrın 6 -da həmin dəstənin fəal üzvlərindən biri -Telman Abdullayevin Qusar rayonunun Avaran və Xurel kəndləri arasındakı meşə massivində olması barədə məlumat əldə edilib.

Şübhəli şəxslərin Qusar şəhərində Rasim Əsədullayevə məxsus evdə gizləndikləri müəyyən edilib.

Bir müddət əvvəl Azərbaycanın şimal sərhədlərini keçməyə cəhd göstərmiş qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatı üzvlərinin zərərsizləşdirilməsi üçün həmin ərazidə əməliyyat keçirilib.

Əməliyyat zamanı onlardan 13 nəfəri yaxalanaraq məsuliyyətə cəlb olunub, çox sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemlər, təlimatlar, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və s. aşkar olunaraq götürülüb. Dəstənin başçılarından biri olan İlqar Mollaçıyev Rusiyanın hüquq-mühvfizə orqanları tərəfindən öldürülüb.

Qaralov deyib ki, "Meşə qardaşları" təşkilatının digər üzvlərinin tutulması üçün Rusiya ilə sərhəddə yerləşən Qusar bölgəsində axtarışlar davam etdirilir. Onun sözlərinə görə, həmçinin, məsciddə terror aktının törədilməsində təqsiri olan Sumqayıt şəhər sakini Elnur Baxşıyev də həbs olunub. Baş prokuror cinayətkar dəstənin əksər üzvlərinin həbs olunduğunu bildirib.

Qaralov bildirib ki, axtarışda olan cinayətkar dəstənin digər üzvlərinin hər hansı hadisəni törədəcəkləri istisna olunur.

Əbu Bəkr məscidinin fəaliyyətinin bərpasına gəlincə, baş prokuror məscidin bağlanması və ya bərpası ilə nə prokurorluq, nə də digər hüquq-mühafizə orqanlarının məşğul olduğunu bildirib. Onun sözlərinə görə, məscidin imamı bununla bağlı Dini Qurumlarla iş üzrtə Dövlət Komitəsinə müraciət etməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti