...

Azərbaycanın hakim partiyası müxalifətyönlü qəzetin təkzib verməsini tələb edir

Siyasət Materials 3 Oktyabr 2008 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifətyönlü "Azadlıq" qəzetindən hakimiyyətin əleyhinə dezinformasiya və böhtan xarakterli məlumatlar yaymasına görə təkzib verməsini tələb edir. "Mətbuat Şurasının "Azadlıq" qəzetinə qarşı iradlarına baxmayaraq, həmin qəzetdə YAP-ın fəaliyyətini və hakimiyyətin siyasətini təhrif edən qərəzli məqalələrin dərci davam etdirilir", - deyə hakim partiyanın bəyanatında bildirilib.

Trend -un arayışı: YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Bəyanatda qeyd olunub ki, YAP-ın ictimai nüfuzuna xələl gətirmək niyyəti güdən təhqir, yalan və böhtanla yüklənmiş məqalələrin, şərəf və ləyaqəti alçaldan yazıların dərcinə görə partiya dəfələrlə Mətbuat Şurasına müraciət edib. Lakin qəzet hakim partiyaya qarşı qərəzli mövqeyini davam etdirir.

Hakim partiya qəzetin fəaliyyətini qətiyyətlə pisləyir və həmin qəzetin rəhbərliyindən Mətbuat Şurasının çıxardığı qərara müvafiq olaraq təkzib verməsini tələb edir: "YAP eyni zamanda, "Azadlıq" qəzetindən hakim partiyanın namizədinə böhtan atmaq məqsədilə qeydiyyatdan keçməyən "Seçki Monitorinq Mərkəzi"nin hesabatını təhrif etməklə dərc etməsi ilə əlaqədar təkzib verməsini və üzr istəməsini tələb edir. Əks təqdirdə, YAP həmin qəzetə qarşı qanun çərçivəsində daha ciddi addımlar atmaq məcburiyyətində qalacaq".

Bəyanatda bildirilib ki, YAP-ın müraciəti əsasında "Azadlıq" qəzetində dərc olunan böhtan xarakterli yazılarla bağlı Mətbuat Şurası 2008-ci il sentyabrın 19-da növbəti ictimai müzakirə keçirib və qurumun qərarı ilə həmin qəzetdə təkzib dərc olunması, yaxud üzr istənilməsi tələb olunub: "Adıçəkilən qəzet bütün bunlara məhəl qoymayaraq, YAP-a və hakimiyyətə qarşı qeyri-sağlam və etikadan kənar fəaliyyətini davam etdirir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti