...

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsini alqışlayır

Siyasət Materials 17 Oktyabr 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir C.Babayeva/ Avropa Şurasının Nazirlər Komitəsi (AŞ NK) Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsini alqışlayır.

"Mən Azərbaycanda prezident seçkisinin bütövlükdə sakit və dinc şəraitdə keçdiyini qeyd etməyə şadam və biz ölkədə seçki sisteminin təkmilləşdirilməsini alqışlayırıq", - deyə AŞ NK sədri, İsveçin xarici işlər naziri Karl Bildtin bəyanatında bildirilir.

Bildtin sözlərinə görə, Azərbaycan hakimiyyəti şikayət və apellyasiyaların verilmə sisteminin dəqiqliyini və şəffaflığını təmin etməlidir. "Təəssüf ki, müxalitfətin bir hissəsi seçkidə iştirak etməmək qərarına gəldi", - deyə AŞ Nazirlər Komitəsinin sədri bildirib.

Bildt Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında xüsusilə KİV azadlığı, həmçinin plüralist vətəndaş cəmiyyətinin inkişafına yardım üzrə səylərin fəallaşdırılması da daxil olmaqla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsinin mühüm olduğunu xatırladıb.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycanın hakim partiyasından olan namizəd, hazırkı prezident İlham Əliyev ilkin nəticələrə görə, seçici səslərinin böyük əksəriyyətini - 88,73 faizini toplayıb.

Dövlət başçısı postuna yeddi namizəd iddia edib. MSK-nın ilkin məlumatlarına görə, İqbal Ağazadə 2,86 faiz, Fazil Qəzənfəroğlu 2,47 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Hacıyev 0,65 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti