Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir İ.Əlizadə/ Türkdilli dövlətlərin Parlament Assemableyasının yaradılmasında əsas mənqsəd onlar arasında daha geniş iş birliyinin yaradılması, əməkdaşlığın perespektivləri və səmərəli yollarının tapılmasıdır. "Belə münasibətlərin qurulması kifayət qədər vacib məsələdir. Parlament Assambleyasında birgə qərarların qəbul olunması nəzərdə tutulub", - bu barədə cümə günü Türkdilli dövlətlərin Parlament Assmableyasının yaradılmasına dair saziş imzalandıqdan sonra Trend -a telefonla İstanbuldan Azərbaycan parlamentinin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.
Trend - un arayışı: Cümə günü İstanbulda türkdilli dövlətlərin parlament sədrlərinin görüşü keçirilib. Görüşdə Parlament Assambleyasının yaradılması məsələsi müzakirə olunub və saziş imzalanıb. Sazişi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri imzalayıblar. Türkmənistan və Özbəkistan Assambleyada təmsil olunmaqdan imtina edib.
Aslanova deyib ki, türkdili dövlətlərin parlamentləri tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq, milli qanunvericiliyinin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması məqsədi ilə Assambleyanın yaradılmasında razılığa gəldilər. Onun sözlərinə görə, Assambleyada parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, hüquqi və digər xarakterli məlumat mübadiləsi həyata keçirilməsi, üzv ölkələrin qanunvericiləklərinin yaxınlaşdırılmasını nəzərdə tutan məsələlər müzakirə olunacaq.
Aslanova bildirib ki, Assambleya mədəni irs, tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türkdilli dövlətlər üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qarşılıqlı işlərin yaxşılaşdırılması üçün tövsiyələrin qəbul olunması məsələsini əsas götürür.
Komissiya sədri qeyd edib ki, bu gün türkdilli dövlətlərin bir arya gəlməsi tarixi zərurətə çevrilib.
"Çünki ayrı-ayrı ölkələrdən ibarət olan beynəlxalq qurumların formalaşması prosesi gedir. Avropa ölkələri bir ayara gələrək, böyük bir birlik formalaşdırıblar. Biz başa düşürük ki, insan haqlarının qorunması adı altında Avropa məkanı bir qədər də genişləndirilir. Türkdilli dövlətlərin hər biri bu böyük məkanın üzvüdür. Amerika, Afrika dövlətlərinin yaratdıqları böyük birliklər var. Yəni ümumi maraq birliyi əsasında yaranan böyük qurumlar var. Müxtəlif ölkələr müəyyən problemlərin həllində öz milli maraqlarının üstün tutulması prinsipinə əsaslanaraq, bu birliklərin üzvü olurlar", -deyə o əlavə edib.
Aslanova hesab edr ki, bu gün dünyada mövcud olan türkdilli ölkə və xalqların bir araya gəlməsi, 200 milyondan çox türkün böyük bir qurumda birlşməsi mədəniyyətin qorunması, türk dilinin təsdiqi, müasir dövrün tələblərinə cavab verilməsi və problemlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir: "Bütün bunları həyata keçirmək üçün bu gün yaradılan quruma ehtiyac var idi. Assambleyanın yaradılması dövrün tələbi və zərurət idi. Biz böyük bir yolun yolçusuyuq və bu yolu birgə getməyə başladıq. Bunun yaradılması böyük qələbədir. Əsas odur ki, qurumun fəaliyyəti davamlı olsun".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]