...

Azərbaycanda AİDS-in yayılmasının qarşısını almaq üçün yeni qanun layihəsi hazırlanacaq

Siyasət Materials 26 Noyabr 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda immunçatışmazlığı virusunun (AİDS-SPİD) yayılmasının qarşısını almaq üçün yeni qanun layihəsi hazırlanacaq.

"Azərbaycanda AİDS-ə yoluxanların sayı artır və yeni qanunun qəbul olunmasına ehtiyac var", - bu barədə parlamentin Sosial siyasət daimi komissiyasının çərşənbə günü keçirilən iclasında komissiya sədri Hadı Rəcəbli bildirib.

Trend -un arayışı: Azərbaycanın "İnsan immunçatışmazlığı virusunun (AİDS) törətdiyi xəstəliklərin yayılmasının qarşısının alınması haqqında" qanunu 1996-cı ildə qəbul olunub. MDB ölkələri arasında bu problemlə mübarizəyə dair qanunu ilk qəbul edən dövlət Azərbaycandır.

Komissiya sədri AİDS xəstəliyinə qarşı mübarizənin yeni qanunla tənzimlənməsini sosial sifariş hesab edir.

"Bu xəstəlik cəzaçəkmə müəssisələrində daha çox yayılıb və belə müəssisələrdə xəstəliyin qarşısını almaq lazımdır. Çünki AİDS xəstəliyinə yoluxan məhbuslar azadlığa çıxanda və cəmiyyətə inteqrasiya olunanda əlavə problemlər yaradırlar", - deyə Rəcəbli əlavə edib.

Onun sözlərinə görə, bu xəstəlik narkotika istifadəçiləri və əxlaqsızlıqla məşğul olanlar arasında daha çox yayılıb. "Xarici ölkələrdə narkomanlara xəstə kimi yanaşırlar və onların müalicəsinə kömək edirlər. Bizdə isə narkomanlar cinayətkar hesab olunur və onları həbs edib cəza verirlər", o deyib.

Rəcəblinn fikrincə, məhbus narkomanlar arasında AİDS xəstəliyinin yayılmasının qarşısını almaq üçün onlara istifadə etmək üçün şprislər verilə bilər. Xarici ölkələrdə bu metodlardan istifadə olunur.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin rəis müavini Hüseynağa Əlixanov isə deyib ki, narkoman məhbuslara şprislərin verilməsi onların narkotikadan istifadəsinə şərait yaradar.

"Penitensiar Xidmətin vərəmli və AİDS-ə yoluxan xəstələrin müalicə olunduğu Müalicə Müəssisəsi var. Orada pilot layihə kimi narkomanlara şprislər verilə bilər. Lakin ilk növbədə Ədliyə Nazirliyinin Tibb İdarəsi bu məsələyə baxmalıdır", - deyə o əlavə edib.

Azərbaycanın "İnsan immunçatışmazlığı virusunun (AİDS) törətdiyi xəstəliklərin yayılmasının qarşısının alınması haqqında" yeni qanun layihəsinin hazırlanması üçün İşçi Qrup yaradılıb. Sosial siyasət daimi komissiyasının sədr müavini Musa Quliyevin rəhbərlik etdiyi İşçi Qrupa deputatlar, Ədliyyə, Səhiyyə, Daxili İşlər nazirliklərinin, AİDS-lə Mübarizə Mərkəzinin, Respblika Narkoloji Mərkəzin, BMT-nin Bakı nümayəndəliyinin, Açıq Cəmiyyət İnstitutunun təmsilciləri daxildir.

İşçi Qrup 2009-cu il yarvarın 15-dək yeni qanun layihəsi hazırlayıb, təqdim etməlidir.

HİV-ə yoluxmuş şəxs Respublika QİÇS-lə Mübarizə Mərkəzində ilk dəfə 1987-ci ildə qeydiyyata alınıb. 2008-ci il mayın 1-nə olan məlumata görə, Azərbaycanda 1510 nəfər QİÇS-ə yoluxub. Virus daşıyıcılarının 70%-i həyatlarının ən məhsuldar dövründə HİV-ə yoluxub. 60% HİV/AİDS daşıyıcısı isə inyeksion narkotik istifadəçiləridir. Mərkəzdə qeydiyyatdan keçənlərdən 1446 nəfəri Azərbaycan vətəndaşı, 64-ü isə əcnəbidir. Keçən dövr ərzində 210 Azərbaycan vətəndaşı AİDS səbəbindən vəfat edib (189 kişi və 21 qadın). Bu xəstəlikdən dünyasını dəyişənlər daha çox Bakı və Abşeronda (72 nəfər), Lənkəranda (28 nəfər) və Sumqayıtda (20 nəfər) qeydə alınıb. Onların ailələrində 136 uşaq yetim qalıb. 10 uşaq ata və anasını, 13 uşaq anasını, 113 uşaq isə atasını itirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti