...

Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı məsləhətləşmələrə başlanılıb

Siyasət Materials 1 Dekabr 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması üçün yaradılan təşəbbüs qrupunun üzvləri müxalif partiyalarla məsələhətləşmələrə başlayıb.

"İndiyə qədər Azərbaycan Demokrat və Sosial Demokrat partiyalarının rəhbərliyi ilə görüşlərimiz olub. Bu gün isə Ədalət və Liberal partiyalarına müraciət edəcəyik", - bazar ertəsi Trend -a təşəbbüs qrupunun üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr müavini Vahid Nəzərov bildirib.

Trend -ın arayışı: 2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə- majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sitemə keçirilib.

Müxalif ALDP noyabr ayında proporsional seçki sisteminin bərpa olunması üzrə təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupunun 55 nəfər üzvü seçilib. Həmin qrup ALDP adından Azərbaycanda fəaliyyət göstərən bütün partiyalara proporsional seçki sisteminin bərpa olunması üçün imza toplama kampaniyasına qoşulmağı təklif edir. Təşəbbüs dəstəklənərsə, 600 minə yaxın seçici səsi toplanılıb Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. MSK isə həmin imzaları təsdiqlədikdən sonra proporsional seçki sisteminin bərpası üçün Milli Məclisə göndərəcək.

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən bir neçə deputat da proporsional seçki sisteminin bərpası tərəfdarıdır.

Onun sözlərinə görə, müraciət etdikləri partiyaların rəhbərliyi təşəbbüsə müsbət yanaşıb və bu həftə ərzində müzakirə edib cavab verəcəklər.

"Proporsional seçki sistemi bərpa olunmasa, Azərbaycanda siyasi sistemin qurulması da mümkün deyil", - bazar ertəsi Trend -a Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib.

Onun fikrincə, təşəbbüsün hansı partiya tərəfindən irəli sürülməsinə baxmayaraq, ölkənin inkişafını istəyən bütün siyasi qüvvələr onu dəstəkləməlidir.

"Proporsional seçki sisteminin bərpa olunması təşəbbüsünü ilk dəfə biz qaldırmışıq", - bazar ertəsi Trend -a müxalif Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatını ələ keçirən bəzi adamlar siyasi hakimiyyəti də ələ keçirmək niyyətindədir: "Proporsional seçki sistemi müəyyən qədər bunun qarşısını ala bilər. Çünki majoritar seçki sistemində fərdi qaydada qalib gəlmək asandır. Proporsional seçki sistemində isə hər bir partiya öz siyahısına görə məsuliyyət daşıyır", - Ədalət Partiyasının sədri vurğulayıb.

İsmayılov ideya onların olsa da, indi yenidən irəli sürülən təşəbbüsü dəstəkləyəcəklərini istisna etməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti