...

Müasir dünyada KİV-dən çox şey asılı olacaq  - DHƏF-in həmsədri

Siyasət Materials 1 Dekabr 2008 20:25 (UTC +04:00)
Müasir dünyada KİV-dən çox şey asılı olacaq  - DHƏF-in həmsədri

Rusiya, Moskva, 01 dekabr/ Trend , müxbir R.Ağayev/ KİV bu və ya digər məsələ üzrə ictimai rəyin necə formalaşmasına təsir göstərir və bununla əlaqədar olaraq, KİV-in özünün qoyduğu məqsəd və vəzifələrdən çox şey asılıdır, - bazar ertəsi MDB ölkələrinin Milli KİV Forumunda çıxış edən Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) həmsədri Mixail Şvıdkoy bildirib.

Bu gün Moskvada MDB ölkələrinin Milli KİV Forumu "KİV və Müstəqil Dövlətlər Birliyinin humanitar potensialı" öz işinə başlayıb. Forum, Rusiyanın RİA-Novosti Beynəlxalq İnformasiya Agentliyi (BİA) tərəfindən MDB-də iştirak edən dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə birgə keçirilir.

Şvıdkoyun sözlərinə görə, 2007-ci ildə yaradılmış DHƏF 70-dən çox layihəni reallaşdırır. "Dəyişən dünyada müasir çağırışlar, o cümlədən iqtisadi xarakterli çağırışlarla əlaqədar, KİV-dən çox şey asılı olacaq. Belə ki, xaos ilk əvvəl düşüncələrdə yarandığı üçün dəqiqlik və yanaşmaların ölçülüb-biçilməsindən çox şey asılı olacaq", - həmsədr bildirib.

Şvıdkoyun sözlərinə görə, əsas vurğu həmişə ya vacib siyasi və iqtisadi, ya da qlamur xəbərlərə edilir, arada qalanlar isə - MDB ölkələrində insanların gündəlik həyatı görüş dairəsindən kənarda qalır, son dərəcə maraqlı olsa da, az işıqlandırılır. "Son illər "İzvestiya" qəzeti Azərbaycan barədə əlavə nəşr edir. Bundan başqa, Moskvada çox maraqlı "Bakı" jurnalı dərc olunur. Bu, bizim ölkələrimizdəki gündəlik həyatın KİV-in görüş dairəsindən kənarda qalmamasına real nümunələrdir", - Şvıdkoy qeyd edib.

DHƏF-in icraçı direktoru Tatyana Bubnova bildirib ki, 2009-cu il MDB məkanında gənclər ili, 2010-cu ilə isə innovasiya və yeni texnologiyalar ili elan edilib. Onun sözlərinə görə, rus dili millətlərarası ünsiyyət dili olaraq qalsa da, yenə də auditoriya və milli dillərdə informasiyanın alınmasına tələb artır. Bubnovanın sözlərinə görə, dekabrın 15-də Azərbaycanın Moskvadakı Səfirliyində press-səhər yeməyi - DHƏF çərçivəsində gələcəkdə MDB ölkələrinin bütün səfirliklərində keçiriləcək xeyriyyə tədbiri baş tutacaq.

Səmərəli Siyasət Fondunun prezidenti Qleb Pavlovski deyib ki, Rusiya və ABŞ-da prezident seçkiləri, Qafqazda avqust müharibəsi və dünya maliyyə böhranı bizim dünya haqqında təsəvvürlərimizi nisbi edir və bu məsələdə KİV mərkəzi rol oynayır.

Azərbaycan Prezidenti İcra Aparatının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin rəhbəri Elnur Aslanov bildirib ki, forumunun keçirilməsi MDB haqqında ölü doğulmuş uşaq kimi mülahizələrin yürüdülməsinin düzgün olmadığına daha bir sübutdur. Aslanovun sözlərinə görə, hazırki forumda 60-dan çox KİV nümayəndəsinin toplaşması faktı Birlik ölkələri arasında mövcud olan böyük əməkdaşlıq potensialından xəbər verir. "Azərbaycanda 350-dən çox rusdilli məktəb fəaliyyət göstərir, ölkədə rusdilli KİV-in sayı sovet dövründəkindən çoxdur. Bir müddət əvvəl Bakıda MDU-nun, "Russkiy mir"  ("Rus dünyası") Fondunun filialı açılıb və bütün bunlar və digər faktlar əməkdaşlığın canlanması üçün potensialın, imkanların, meydançanın olmasına dəlalət edir", - o bildirib.

Aslanov qeyd edib ki, nə isə bir ümumi informasiya məkanı fikrinin dərk edilməsi kifayət qədər çətindir. Belə ki, MDB-də iştirak edən hər bir dövlətin öz milli maraqları var. "Ümumi olan həmişə işləmir. Bununla əlaqədar olaraq, geosiyasi, geoiqtisadi və digər həqiqətləri nəzərə almaq lazımdır", - Aslanov hesab edir.

Onun rəyinə görə, sirr deyil ki, bəzi dövlətlərdə etnosiyasi və daxili siyasi münaqişələr mövcuddur. Bu isə, çox halda KİV-də əks olunanları formalaşdırır.

MDB ölkələrinin Milli KİV Forumu üç gün ərzində davam edəcək. Forumun yekunları üzrə jurnalistlər dövlət liderlərinə ölkələr arasında informasiya mübadiləsinə yardım etmək xahişi ilə müraciət edəcək və postsovet məkanı ölkələrinin daimi fəaliyyət göstərən KİV Rəhbərləri Şurasını yaratmağı təklif edəcəklər.

Xəbər lenti

Xəbər lenti