...

Azərbaycanda fəaliyyəti dayandırılmış gənclər hərəkatının bazasında yeni meqa strukturlu qurum yaradılacaq – "İrəli" hərəkatının həmtəsisçi

Siyasət Materials 11 Dekabr 2008 14:23 (UTC +04:00)
Azərbaycanda fəaliyyəti dayandırılmış gənclər hərəkatının bazasında yeni meqa strukturlu qurum yaradılacaq – "İrəli" hərəkatının həmtəsisçi

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda fəaliyyətini dayandırmış "İrəli" Ümumrespublika Gənclər Hərəkatının bazasında qısa müddət ərzində yeni meqa strukturlu qurum yaradılacaq.

"Yeni qurumun yaradılmasında "İrəli" hərəkatının bazası - 6 min gənc əsas götürüləcək, amma əlavə yardımçı resurslardan da istifadə olunacaq. Bunların əsasında Azərbaycanın indiyə qədər şahidi olmadığı meqa struktur yaranacaq", - deyə hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı cümə axşamı Trend -a bildirib.

Trend -un arayışı: Üç ildən artıq fəaliyyət göstərmiş "İrəli" Ümumrespublika Gənclər Hərəkatının 6 min üzvü var. Fəaliyyət müddəti dövründə hərəkat 500-dən çox müxtəlif layihə həyata keçirib. "İrəli"də fəaliyyət göstərən 28 klub və departament Azərbaycan gənclərinin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edirdi.

Dekabrın 9-da hərəkatın həmtəsisçiləri qurumun fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər. Onlar hərəkatın buraxılmasını qarşıya qoyulmuş məqsədə çatmaları ilə izah edirlər.

Osmanlı, "İrəli" hərəkatının genişlənməsinə cəmiyyətdə böyük tələbatın olduğunu bildirib. "Yeni meqa strukturun yaradılması hamı üçün əsl sürpriz olacaq. Qurum həm gəncləri, həm də digər kateqoriyadan olan insanları əhatə edəcək və fəaliyyət həcmi "İrəli"nin fəaliyyət həcmindən ən azı 20-30 dəfə böyük olacaq", - deyə həmtəsisçi bildirib.

Yaradılacaq yeni qurumun parlament seçkilərinə hesablanmasına gəlincə, Osmanlı bunun həqiqətə uyğun olmadığını bildirib.

"Üç il əvvəl "İrəli" yarananda da bunu seçki ilə əlaqələndirirdilər. Bu qətiyyən belə deyil. "İrəli" Azərbaycanda insan kapitalının gücləndirilməsi, gəncləri inkişaf etdirmək yolu ilə ölkənin inkişafına nail olmaq istiqamətində fəaliyyət göstərib. Növbəti hədəfimizdə də insanların, gənclərin inkişafı, onların həm Azərbaycanda, həm də xaricdə bu inkişaf üçün səlahiyyətləndirilməsi istiqamətində fəaliyyət göstərmək əzmindəyik", - deyə Osmanlı bildirib.

"Dalğa" gənclər hərəkatının sədri Vəfa Cəfərova cümə axşamı Trend -a "İrəli" hərəkatının əsasında yeni bir qurumun yaradılmasına şübhə ilə yanaşdığını bildirib. ""İrəli"nin daha böyük təşkilata iddia etməsi qəribədir. Hərəkat strukturlu təşkilat deyildi və qarşısına qoyduğu məqsədlərə belə çatmamışdı. "İrəli"dən daha böyük bir təşkilat yaradacaqlarını deyə bilərlər, amma həmin təşkilatın uğurlu alınacağına şübhə ilə yanaşıram", - deyə Cəfərova bildirib.

"Dalğa" gənclər hərəkatı 2005-ci ildə yaradılıb. Hərəkatın sıralarında 250 gənc var.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti