...

İnsan haqları baxımından 2008-ci ildə Əfqanıstanda vəziyyət çox pis olub – Müstəqil İnsan Haqları Komissiyasının sədri

Siyasət Materials 12 Yanvar 2009 14:36 (UTC +04:00)

Əfqanıstan, Kabil, 12 yanvar / Trend , müxbir A.Həkimi/ Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyasının sədri Sima Səmər  bildirib ki, insan haqları baxımından 2008-ci ildə Əfqanıstanda vəziyyət çox pis olub.

"Komissiyaya daxil olan şikayətlər Əfqanıstanda cari ildə insan haqlarının daha çox pozulduğunu göstərir", - deyə  Səmər  bazar ertəsi   Trend -a bildirib.

Səmərin sözlərinə görə, qanunların icra olunmaması, müharibənin davam etməsi,  qeyri-sabitlik və əhalinin savadsızlığı Əfqanıstanda insan haqlarının pozulmasına şərait yaradan amillərdəndir.

"Bir ölkədə ki, hələ də qanun icra olunmur, insan haqlarının pozulması hallarının artması təbiidir", - deyə Səmər bildirib.

Onun sözlərinə görə, ölkədəki qeyri-sabitlik Əfqanıstanın bəzi regionlarında hələ də dövlət strukturlarının fəaliyyət göstərməməsinə səbəb olub. "Dövlət strukturlarının fəaliyyət göstərməməsi isə insan haqlarının pozulması ilə nəticələnir", - deyə Səmər qeyd edib. 

Səmər əlavə edib ki, əhali arasında maarifləndirmə işlərinin davamlı şəkildə aparılması İnsan Haqları Komissiyasında hüquq pozuntuları ilə bağlı məlumatların vaxtında alınmasına və aradan qaldırılmasına səbəb olub: "Əfqanıstanda insan haqlarını müdafiə edən qurumların fəaliyyətinin artması və mətbuatın əhali arasında maarifləndirmə işləri aparması insan haqları sahəsində pozuntuların aşkar olunub aradan qaldırılmasına səbəb olub".

Səmər 2009-cu ildə insan haqları sahəsində pozuntuların azalacağına ümid bəslədiyini bildirib: "Ümid edirəm 2009-cu ildə ölkədə qanunlar icra olunacaq və hökumət strukturları öz vəzifələrini yaxşı yerinə yetirəcək. Dövlət qurumları və əhali arasında ünsiyyət yaranarsa, qanun və hüquq pozuntuları azalar". 

Səmər 2008-ci ildə Əfqanıstanda fəaliyyət göstərən sülhməramlı qüvvələrin keçirdiyi hərbi əməliyyatlar zamanı dinc sakinlərin həlak olmasını pisləyərək, ötən il Əfqanıstandakı qarşıdurmalar zamanı mülki şəxslərin ölüm faktlarının artmasının da diqqətə çatdırıb.

"Dövlətə müxalif qüvvələrdən, NATO və Əfqanıstan hökumətindən istəyimiz odur ki, qarşıdurmalar zamanı dinc sakinlər arasında ölüm hallarının qarşısını almağa çalışsınlar", - deyə Səmər bildirib.

Əfqanıstanın İnsan Haqları Komissiyasının 2008-ci ildə dinc sakinlərin həlak olması ilə bağlı açıqlamasında qeyd olunub ki, 2008-ci ildə dinc sakinlərin öldürülməsi halları 41 faiz artıb. Məlumatda bildirilir ki, 2008-ci ildə ölkədə fəaliyyət göstərən sülhməramlı qüvvələrin keçirdiyi hərbi əməliyyatlar zamanı 1778 dinc sakin həlak olub. Həlak olanlardan 625 nəfəri sülhməramlı qüvvələrin hava hücumları zamanı ölub.

Əfqanıstan prezidenti Hamid Karzai ölkədə fəaliyyət göstərən sülhməramlı qüvvələrin keçirdiyi hərbi əməliyyatlar zamanı dinc sakinlərin həlak olmasını pisləyərək bildirib ki, bu kimi hallar davam edərsə, beynəlxalq qüvvələrin ölkədə fəaliyyəti məsələsinə yenidən baxılacaq.

Lakin Əfqanıstan prezidentinin bu çıxışından sonra da ölkədə dinc əhalinin həlak olması faktları qeydə alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti