...

Azərbaycanda referendum zamanı seçki məntəqələrində veb-kameralar quraşdırılacaq - nazir

Siyasət Materials 21 Yanvar 2009 14:19 (UTC +04:00)
Azərbaycanda referendum zamanı seçki məntəqələrində veb-kameralar quraşdırılacaq - nazir

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda referendum zamanı seçki məntəqələrində veb-kameralar quraşdırılacaq, - Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çərşənbə günü kollegiyanın iclasında bildirib.

"2008-ci ildə prezident seçkisində ilk dəfə olaraq seçki məntəqələrində veb-kameralardan istifadə olunmuşdu. Bu il də ənənə davam etdiriləcək. Bunun üçün müvafiq tədbirlər həyata keçiriləcək", - Abbasov deyib.

Azərbaycanda 2008-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkisində 500 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı. Kameralar seçki məntəqələrinin 10 faizini əhatə etmişdi və hər seçki dairəsinin 3-15 məntəqəsində quraşdırılmışdı.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədovun əvvəllər Trend ­-a bildirdiyinə görə, Azərbaycanda referendum zamanı seçki məntəqələrində veb-kameraların quraşdırılacağı istisna edilmir.

Martın 18-də Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) referendum üzrə eyni adlı təşəbbüs qrupunu, müxalif Müsavat partiyası "Respublikaçılar" təşəbbüs qrupunu yaradıb.

"Azadlıq" bloku -  Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Birlik Hərəkatı, eləcə də "Azərbaycan naminə" İctimai Forum, "Müsavat", "Ümid", Demokratik Partiya və bir sıra qeyri-hökumət təşkilatları  "Respublika və Qarabağ uğrunda vətəndaş hərəkatı" adlı təşəbbüs qrupunun yaradılması barədə qərar qəbul ediblər.

Klassik Xalq Cəbhəsi, "Azadlıq", Milli-Demokratik, Böyük Azərbaycan və Xalq partiyalarının təmsil olunduqları "Demokratiya naminə ittifaq" isə "Azərbaycan Xalq Cümhuriyyəti" təşəbbüs qrupunun yaradılması barədə qərar qəbul edib.

Hakim partiyanın icraçı katibinin müavini Mübariz Qurbanlı əvvəllər Trend -a bildirib ki, referendumun keçirilməsi ilə razılaşmayan müxalifət partiyalarının yaratdığı təşəbbüs qrupları effektli olmayacaq.

Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti