...

Azərbaycanın Mərkəzi Seçki Komissiyasına imza vərəqələrini təhvil verən təşəbbüs qruplarının sayı dördə çatıb

Siyasət Materials 21 Yanvar 2009 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasına (MSK) imza vərəqələrini təhvil verən  referendum üzrə təşəbbüs qruplarının sayı dördə çatıb.

" "Yeni Azərbaycan" təşəbbüs qrupundan başqa, "Tərəqqi", "Şəhər" və "Abad kənd" təşəbbüs qrupları imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təhvil verib", - çərşənbə günü Trend -a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. 

Sarıyev bu gün "Azərbaycan Xalq Cümhuriyyəti" təşəbbüs qrupuna imza vərəqələrinin təqdim olunduğu bildirib.

MSK-nın mətbuat xidmətinin rəhbəri dairə seçki komissiyalarında artıq təşəbbüs qruplarının qeydə alındığını bildirib. "Dairə seçki komissiyalarına müraciət etmiş 103 təşəbbüs qrupunun 94-ü imza vərəqələri alıb, 24-ü təhvil verib, onlardan 4-ü qeydə alınıb", - Srıyev deyib.

Trend -un arayışı: Martın 18 - də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) referendum üzrə eyni adlı təşəbbüs qrupunu, müxalif Müsavat partiyası "Respublikaçılar" təşəbbüs qrupunu yaradıb.

"Azadlıq" bloku - Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Birlik Hərəkatı, eləcə də "Azərbaycan naminə" İctimai Forum, "Müsavat", "Ümid", Demokratik Partiya və bir sıra qeyri - hökumət təşkilatları "Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı" adlı təşəbbüs qrupunun yaradılması barədə qərar qəbul ediblər.

Klassik Xalq Cəbhəsi, "Azadlıq", Milli - Demokratik, Böyük Azərbaycan və Xalq partiyalarının təmsil olunduqları "Demokratiya Uğrunda Ittifaq" "Azərbaycan Xalq Cümhuriyyəti" təşəbbüs qrupunun yaradılması barədə qərar qəbul edib.

Hakim partiyanın icraçı katibinin müavini Mübariz Qurbanlı əvvəllər Trend - a bildirib ki, referendumun keçirilməsi ilə razı olmayan müxalifət partiyalarının yaratdığı təşəbbüs qrupları səmərəli olmayacaq.

Azərbaycanın Konstitusiyası 1995 - ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Sarıyev MSK-nın nəzdində 115 nömrəli "qaynar xətt"in fəaliyyətə başladığını bildirib: "Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı hər hansı problemlə üzləşən seçicilər "qaynar xətt"ə müraciət edə bilərlər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti