...

Azərbaycanda savadlı gənc kadrların özəl sektora axını dövlət orqanları üçün problem yaradacaq - parlamentin komissiya sədri

Siyasət Materials 5 Fevral 2009 16:13 (UTC +04:00)
Azərbaycanda savadlı gənc kadrların özəl sektora axını dövlət orqanları üçün problem yaradacaq - parlamentin komissiya sədri

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Azərbaycan parlamentinin komissiya sədri hesab edir ki, savadlı gənc kadrların özəl sektora axını dövlət orqanları üçün problem yaradacaq.

Trend -un məlumatına görə, "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" qanun layihəsinin cümə axşamı keçirilən müzakirəsi zamanı Milli Məclisin (parlament) insan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib ki, savadlı kadrlar, xüsusən də xarici ali təhsil müəssisələrini bitirən gənclər daha çox özəl sektorda işləməyə meyillidir.

Onun fikrincə, bu kadrların özəl sektorda çalışması dövlət orqanlarında peşəkar kadr çatışmazlığı yarada bilər.

Millət vəkili savadlı gənclərin dövlət sektorunda işləməyə marağının artması üçün onlara əlavə güzəşt və imtiyazların tətbiq edilməsini təklif edib.

Trend -un arayışı: Ekspertlərin fikrincə, Azərbaycan vətəndaşlarınmda dövlət qulluğunda çalışmağa marağın az olmasının əsas səbəbi, dövlət qulluğunda vəzifələrə görə nəzərdə tutulan əmək haqqının aşağı olmasıdır. Onlar bu sahəyə marağın artması üçün əmək haqqının artırılmasını təklif edirlər.

Millət vəkili Aydın Mirzəzadə daha öncə Trend -a müsahibəsində bildirmişdi ki, dövlət qulluğuna marağın azlığı bütün demokratik ölkələrə xasdır. Onun sözlərinə görə, totalitar rejimli ölkələrin vətəndaşları öz inkişaflarını dövlət qulluğunda görürlər.

Dövlət qulluğuna marağın azalmasını müsbət qiymətləndirən millət vəkili hesab edir ki, bu hal dövlət qulluğu ətrafında ajiotajı da azaldır. Onun sözlərinə görə, dövlət qulluğunda işləmək istəyənlər ancaq maddi və biznes maraqları olmayan, karyerasını qurmaq istəyən şəxslərdir.

Millət vəkili Rəfael Cəbrayılov dövlət qulluğunda işləməyə marağın azalması fikri ilə razı deyil. "Dövlət qulluğuna qəbul müsabiqə yolu ilə olduğundan savadı, peşəkarlığı olmayan şəxslər məsuliyyət hiss edib bu vəzifələrə sənəd vermirlər", - deyə Cəbrayılov vurğulayıb.

Cəbrayılov da dövlət qulluğuna qəbula marağın artması üçün əmək haqlarının artırılmasını vacib sayır.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədr müavini Vəfadar Misirov regionlarda dövlət qulluğuna marağın az olduğunu deyir.

Onun sözlərinə görə, buna səbəb aşağı təsnifatlardakı vəzifələrdə əmək haqqının az olması və həmin təsnifatlardakı vəzifələrə işə qəbul şərtlərinin yuxarı təsnifatdakı vəzifələrlə eyni olmasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti