...

İran Əfqanıstanda NATO ilə əməkdaşlığa dair rəsmi müraciət almayıb

Siyasət Materials 13 Fevral 2009 13:44 (UTC +04:00)

İran, Teheran, 13 fevral/ Trend , müxbir A.Namdari/ NATO komandanlığı Əfqanıstanda əməkdaşlığa dair İrana hələ də rəsmi müraciət göndərməyib. Bu barədə İran parlamenti yanında Təhlükəsizlik komissiyasının üzvü İsmayıl Kosari bildirib.

Kosari Trend -a deyib ki, bu barədə məlumat yalnız kütləvi informasiya vasitələrində yayılıb, lakin rəsmi danışıqlar hələ aparılmır. Rəsmi müraciət daxil olarsa, İran tərəfi bu təklifi nəzərdən keçirəcək.  

İran parlamentinin spikeri Əli Laricani bildirib ki, Əfqanıstanda NATO ilə əməkdaşlıq Alyans Əfqanıstana yeni nəzərdən baxacağı təqdirdə mümkün ola bilər.

NATO-nun Baş katibi Yap de Hoop Sxeffer yanvarın 26-da İrandan Əfqanıstanda əməkdaşlıq etməyi xahiş edib.

İranın Kabildəki nümayəndəsi Fəda Hüseyn Maliki bazar ertəsi Sxefferin təklifinin cavabında bildirib ki, Alyans nəzərdə tutulan əməkdaşlığın sahələrini və şərtlərini açıqlamalıdır.

Onun sözlərinə görə, terrorçuluq və narkotika alveri ilə mübarizə işi yeddi il bundan öncə NATO-nun səlahiyyətin keçib, lakin bu dövr ərzində onlar uğur əldə edə bilməyiblər.

İran dəfələrlə bəyan edib ki, qoşunlar Əfqanıstandan çıxarılmalıdır.

Bu bəyanatlar İranın vitse-prezidentinin gələn həftə Əfqanıstana səfəri fonunda səsləndirilir. IRNA agentliyinin verdiyi xəbərə görə, Pərviz Davudi Əfqanıstana təhlükəsizlik məsələlərini müzakirə etmək üçün səfər edəcək.

Dünən İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Həsan Qaşqavi NATO və İranın Əfqanıstanda əməkdaşlıq məsələsini alqışlayıb.  

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 1949-cu il aprelin 4-də Vaşinqtonda müdafiə xarakteri daşıyan hərbi təşkilat kimi yaradılıb. Hazırda 26 ölkə bu blokun üzvüdür.

2001-ci ildə ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara başlamasından sonra NATO qüvvələri bu ölkəyə daxil olub. Hazırda 40 ölkədən olan 47 min hərbçi Əfqanıstanda blokun himayəsi altında xidmət edir. NATO Əfqanıstana alternativ tədarük yolları axtarır - Rusiya və İrandan tədarük variantları nəzərdə keçirilir.

Əfqanıstanda təhlükəsizliyin bərpa edilməsinə İranın cəlb edilməsi, müşahidəçilərin fikrincə, onun Qərb ilə yaxınlaşmasına yardım göstərə bilər.

Xəbər lenti

Xəbər lenti