...

Azərbaycanın bir qrup müxalif partiyası bələdiyyə seçkilərində vahid blokda birləşməyin əleyhinədir

Siyasət Materials 1 Aprel 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bакı, 01 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın bir qrup müxalif partiyası bələdiyyə seçkilərində digər müxalif partiyaların təmsil olunduğu ittifaqla birgə iştirak etməyəcək.

"Bizim əsas məqsədimiz referendumla bağlı təsis etdiyimiz hərəkatı qoruyub saxlamaqdır", - çərşənbə günü Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2009-cu ilin payızında keçiriləcək. Bunda əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə bələdiyyə seçkisi keçirilib.

Cəlaloğlunun sözlərinə görə, seçkidə iştirak etməklə bağlı digər variantlar da müzakirə olunur. "Birinci halda, müxalifətin bələdiyyə seçkilərində vahid blokda iştirakı nəzərdə tutulur. İkinci varianta görə, hər bir partiya ayrılıqda seçkilərə qoşulacaq, amma "Qarabağ və Respublika Uğrunda Hərəkat"da öz fəaliyyətlərini əlaqələndirəcəklər", - müxalif partiya sədri əlavə edib.

ADP sədri hərəkatda təmsil olunan "Azərbaycan Naminə" İctimai Forumla da bələdiyyə seçkisində əməkdaşlığın baş tutmayacağını qeyd edib. "Forumun rəhbəri Eldar Namazov referendumla bağlı təşviqat kampaniyası zamanı tədbirlərə qoşulmadı. Bu səbəbdən də sonrakı proseslərdə iştirakı mümkün deyil", - müxalif partiya sədrinin fikri belədir.

Onun dediyinə görə, digər müxalif partiya olan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə bələdiyyə seçkisində vahid blokda təmsil olunmağın da perspektivi yoxdur. "AMİP-də referendumla bağlı hərəkata qoşulmaq təşəbbüsümüzə müsbət yanaşmayıblar. Ona görə də mənə elə gəlir ki, bu partiya ilə gələcək əməkdaşlıq məsələsi gündəmdən çıxıb", - ADP sədri bildirib. 

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları, eləcə də bir neçə ictimai təşkilat təsis edib.

Beş müxalif partiyanın yaratdığı Demokratiya Uğrunda İttifaqın (DUİ) bələdiyyə seçkisində birgə iştirak etmək məsələsinə gəldikdə, ADP sədri bu qurumun təşəbbüsünün müsbət qarşılamadıqlarını deyib. "Çünki heç bir qrupun marağı olmadan biz referendumla bağlı təşviqat qrupu yaradanda, dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq, həmin ittifaq təşəbbüsümüzü dəstəkləməmişdi. Bunu nəzərə alaraq ittifaqda təmsil olunan partiyalarla əməkdaşlıq etməmək qərarına gəlmişik", - Cəlaloğlu vurğulayıb.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti