...

İranın İsraillə bağlı mövqeyi dəyişmir – ekspertlər

Siyasət Materials 30 Aprel 2009 09:10 (UTC +04:00)
İranın İsraillə bağlı mövqeyi dəyişmir – ekspertlər

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir D.İbrahimova /

İran Prezidenti Mahmud Əhmədinejadın "İran Fələstin ərazilərində iki dövlətin yaranmasının əleyhinə deyil" deməsi Tehranın Təl-Əvivə qarşı mövqeyinin yumşalması anlamına gəlmir.

"Əhmədinejadın bəyanatını İsrailin İran tərəfindən tanınması kimi qəbul etmək doğru olmaz", - İran üzrə amerikalı ekspert Robert Fridman hesab edir.

ABC kanalına verdiyi müsahibə zamanı İran Prezidenti deyib ki, Fələstin-İsrail münaqişəsi nəticəsində iki dövlətin yaranması ilə bağlı hər hansı qərar qəbul edilərsə İran onu dəstəkləyəcək. "Biz heç nəyi müəyyən etməyə hazırlaşmırıq. Hansı qərar qəbul edilərsə dəstəkləyəcəyik", - Əhmədinejad deyib.

Fələstin-İsrail münaqişəsinin əsasında sərhədlərin haradan keçməsi ilə bağlı və bəzi ərazilərin kimə aid olduğu barədə fikir ayrılığı var.

BMT Təhlükəsizlik Şurası 1947-ci ildə Fələstin ərazilərində ərəb və yəhudi dövlətlərinin yaradılması barədə qətnamə qəbul edib. İsrailə İordan çayından qərbdə 55 faiz ərazi düşürdü. Yerusəlim beynəlxalq status alacaqdı və İsrail işğal edilmiş ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşasına son qoymalı idi. Lakin İsrail qətnamənin şərtlərinə əməl etməkdən imtina etdi.

İran və İsrail rəsmiləri dəfələrlə bir-birinə qarşı hədələyici bəyanatlar veriblər. Əhmədinejad bildirmişdi ki, İsrail yer üzündən silinməlidir və Xolokost əfsanədir. Tərəflər arasında münasibətlər İsrailin 40-cı illərdən başlayaraq işğalçı siyasət aparması ilə bağlıdır. İran-İsrail əlaqələri 1978-1979-cu illərdə baş tutan İran inqilabından sonra kəsildi.

Əhmədinejadın "İran regionda iki dövlətin yaranmasını dəstəkləyir" deməsi ekspertlərdə arxayınlıq yaratmır. Onlar hesab edir ki, bəyanat Tehranın Təl-Əvivə qarşı mövqeyinin yumşalması anlamına gəlmir.

"Bu bəyanatı İranın Fələstinin istəyinə xoş yanaşdığı göstəricisi kimi dəyərləndirmək lazımdır", - Trend -a elektron poçtla Strateji Araşdırmalar Mərkəzinin direktoru Fridman bildirib. Ekspertlərin fikrincə, təcrübə göstərir ki, İranın sözü ilə əməli hər zaman üst-üstə düşmür. Bu səbəbdən Əhmədinejadın çıxışına əsasən İsraillə bağlı nəticə çıxarmaq lazım deyil.

"Əhmədinejadın bəyanatlar tarixçəsinə nəzər salsaq onun sözlərinin hansının siyasətə və hansının ritorikaya aid oluğunu təyin etmək çətindir", - Trend -a elektron poçtla Yaxın Şərq üzrə ekspert Aaron Manns deyib. "İran HƏMAS-la "İslam cihadı" təşkilatını dəstəkləyir və bu qarşılıqlı güzəşt cəhdlərini azaldır", - Manns deyib.

ABŞ dəfələrlə İranı HƏMAS-a yardım etdiyinə görə ittiham edib. ABŞ-ın eks-prezidenti Corc Buş İranı terrora dəstək verən ölkələr sırasına daxil etmişdi.

"Fələstinlilərin əsas tələbi olan qaçqınların İsrailə qayıtması və 1967-ci ildəki sərhədlərin bərpa olunmasını nəzərə alsaq görərik ki, razılaşma tez bir vaxtda əldə olunmayacaq", - Manns hesab edir.

Yaxın Şərq üzrə digər amerikalı ekspert Stefan Zyunts hesab edir ki, Əhmədinejadın bəyanatını İsrailin tanınması kimi dəyərləndirmək olmasa da, digər tərəfdən bu onu göstərir ki, İranın mövqeyi göründüyü kimi heç də sərt deyil.

Lakin İranın barışmaz mövqe nümayiş etdirməsinə nümunə kimi nüvə proqramı ilə bağlı işlərin dayandırılmamasını göstərmək olar.

BMT Təhlükəsizlik Şurası dəfələrlə İrana qarşı sanksiyalar tətbiq etsə də heç bir nəticə əldə edilmədi.

"Liviya və İraq İsrailə qarşı barışmaz mövqe tutduqdan sonra hər iki ölkə müəyyən qədər etimad və təsirlərini itirdi. Çünki münaqişədən əziyyət çəkənlər hadisə yerindən kilometrlərlə uzaqda olanlar deyil, fələstinlilərdir", - Zyunts deyib.

"Digər tərəfdən ola bilsin Əhmədinejad demək istəyib ki, qərar qəbul etməyi fələstinlilərin öz öhdəsinə buraxmaq lazımdır", - ekspert qeyd edib.

İran daxilində ekspertlər hesab edirlər ki, telekanal İran Prezidentinin müsahibəsini doğru izah etməyib.

"İran Prezidentinin çıxışı "İsrail rejiminin" tanınmasına işarə deyil. İran 1948 və 1967-ci ildə işğal olunmuş ərazilərlə bağlı məsələdə referendum tərəfdarıdır. "Xristian, yəhudi və müsəlmanların iştirak edəcəyi referendumda qərara alınsa ki, iki dövlət yaradılsın, İran buna qarşı çıxmayacaq", - İrandan olan ekspert Həsən Qənizadə Trend -a bildirib. Onun sözlərinə görə, Fələstinlə bağlı İranın mövqeyində dəyişiklik yoxdur.

Məqalənin yazılmasında T.Cəfərov, E.Tariverdiyeva iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti