Azərbaycan, Bаkı, 15 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın müxalif partiyası MDB ölkələri müxalif qüvvələrinin daimi əməkdaşlığını nəzərdə tutan qurumun yaradılmasını zəruri hesab edir.
"İndi müstəqil olan həmin ölkələrin müxalifət partiyalarının ikitərəfli və çoxtərəfli sammitinin, yaxud görüşlərinin keçirilməsi də mümkündür", - cümə günü Trend -a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
Cəlaloğlunun sözlərinə görə, indiyədək istər Azərbaycan, Gürcüstan və Ermənistan, istərsə də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan digər ölkələrin əsas müxalif qüvvələri arasında hər hansı əməkdaşlığın olmaması tamamilə səhvdir.
"Bizim bundan sonrakı əməkdaşlığımız Cənubi Qafqaz, yaxud GUAM-a daxil olan ölkələrin siyasi partiyaları arasında qurula bilər", - ADP sədri əlavə edib.
Onun fikrincə, müxalif partiyalar liberallar, sosial-demokratlar ittifaqları kimi beynəlxalq qurum da yarada bilərlər.
"Düşünürəm ki, belə bir qurumun yaradılması dünyanın bir çox ölkələrində demokratik proseslərin inkişafını daha da sürətləndirə bilər", - Cəlaloğlu vurğulayıb.
ADP sədri deyib ki, vaxtilə Türkiyənin keçmiş baş naziri olan Tansu Çillərə islam ölkələrinin demokratik partiyalar ittifaqını yaratmağı təklif edib.
"Bu təklif reallaşsaydı, islam ölkələrinin ümumi problemlərini də müzakirə etmək olardı. Təəssüf ki, Çillərin o vaxt hakimiyyətdən və siyasətdən uzaqlaşması bu ideyanın baş tutmasına imkan vermədi", - Cəlaloğlu bildirib.
Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]