...

Azərbaycanın millət vəkilləri paytaxtda mer statusunun yaradılmasını vacib saymırlar

Siyasət Materials 21 May 2009 07:40 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri paytaxtda mer statusunun yaradılmasını vacib saymırlar

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın millət vəkilləri Bakı şəhərində mer statusunun yaradılmasını mütləq vacib hesab etmirlər.

"Bakı meqopolis və bir çox müstəqil yaşayış məntəqlərini birləşdirən şəhər olduğuna görə onun ayrı-ayrı hissələrində bələdiyyələr var. Bələdiyyələrin də gələcəkdə birləşdirilərək böyük Bakı şəhər bələdiyyəsi yaradılması mümkündür, ancaq bunun üçün ilk növbədə bələdiyyələrin özlərinin möhkəmlənməsi, təcrübə yığmasına ehtiyac var", - çərşənbə günü Trend -a hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.

Trend -un arayışı:  Azərbaycan Avropa Surası Yerli Özünüidarə Xartiyasına qoşulub. Xartiyaya əsasən, paytaxt şəhərin idərəçiliyi seçkili orqanlara verilir. Azərbaycanın sənədə qoşulmasına baxmayaraq, paytaxt Bakının və digər iri şəhərlərdə idarəetməni təyinatı yolla icra hakimiyyətləri həyata keçirir. Xartiyaya qoşulmuş Gürcüstan və Ermənistanın paytaxt şəhərlərində yaxın zamanlarda mer seçkiləri keçiriləcək.

Millət vəkilinin sözlərinə görə, xaricdə merin yerinə yetirdiyi funksiyanı Azərbaycanda əsasən bələdiyyələr yerinə yetirir və səlahiyyətlərin müəyyən bir qismi isə icra başçısına məxsusdur.

Mirzəzadə bildirib ki, meriya sistemi siyasi sistemdən aılıdır.  "Azərbaycanda şəhər idarəedilməsi sistemi bələdiyyələr və Prezidentin nümayəndəsi olan icra hakimiyyətinin başçısından ibarətdir. İldən-ilə bələdiyyələrin səlahiyyəti artmaqla, icra hakimiyyətinin səlahiyyətlərinin azalması prosesi gedir. Bu, gələcəkdə icra hakimiyyəti başçısının sırf  Prezidentin yerdə nümayəndəsinə çevrilməsinə və geniş səlahiyyətlərin bələdiyyələrdə olmasına səbəb olacaq", - millət vəkili deyib.

Millət vəkili, iqtidaryönlü Ana Vətən Partiyası (AVP) sədrinin müavini Zahid Orucun fikrincə, Azərbaycan paytaxtının icra başısını Prezidentin təyin etməsi daha üstün və önəmlidir.

"Azərbaycanda prezident üsul idarəsi olduğuna görə, seçki prosesində də əsas məsuliyyəti daşıyan qüvvə dövlət başçısıdır. Bakıda merin təyin olunmasına seçkili xarakter verib, onun insanlar tərəfindən müəyyənləşdirilməsi icra orqanı kimi onun fəaliyyətinin nəticələrinin ölkə başçısının mövqeyi və siyasəti kimi xarakterizə olunmasına səbəb olacaq. Bu ziddiyyət yaradır. Azərbaycanda bu ziddiyyət həll olunmalıdır", - çərşənbə günü Trend -a Oruc bildirib.

O, ötən dövrdə Bakıda mer statusunun yaradılması ilə bağlı qanunvericilik layihəsi hazırlandığını, lakin sonralar məsələyə yanaşmanın birmənalı olmadığını bildirib. "Fərqli fikirlər yarandığına görə bu məsələ dayandırıldı. Bununla bağlı qanunvericilik sahəsində konkret addım atılmır. Bu gün Parlamentin heç bir komissiyasında Bakı şəhər merinin seçilməsi istiqamətində hüquqi baza yaratmaq üzərində işlər həyata keçirilmir", - millət vəkili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti