Azərbaycan, Bakı, 22 may / Trend , müxbir C.Babayeva /
Yaxın iki-üç gündə Hindistan suları ərazisində saxlanılan "Mira" gəmisinin ekipaj üzvləri - səkkiz Azərbaycan vətəndaşı vətənə qayıda bilər.
Cümə günü Hindistanın Miqrasiya Xidməti Azərbaycan dənizçilərinə sənəd verməyə başlayıb. Bu barədə Trend -a Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.
Türkiyə şirkətinə məxsus olan "Mira" gəmisi bank tərəfindən Hindistan hökumətinə olan borca görə metal kimi satılıb. Lakin gəminin iki sahibi olduğu müəyyənləşib və onlar bankın qərarı ilə razılaşmayaraq bankı məhkəməyə veriblər. İş hələ də Hindistan məhkəməsindədir və qərar qəbul olunanadək gəmi Hindistanın ərazi sularında saxlanılacaq.
Poluxov bildirib ki, Azərbaycan vətəndaşları sənədlərini alan kimi Hindistanı tərk edəcəklər. Hazırda dənizçilər Tandnaqar şəhərinin mehmanxanalarından birində yerləşdiriliblər.
"Mira" gəmisinin 24 nəfərdən ibarət ekipajı Hindistan Xarici İşlər Nazirliyinin icazəsi ilə çərşənbə günü sahilə yan alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]