...

FƏTH və HƏMAS arasında ziddiyyət Fələstin dövlətinin yaradılmasına maneə deyil – mütəxəssislər

Siyasət Materials 18 İyun 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir U.Sadıxova /

Fələstinin FƏTH və HƏMAS qruplaşmaları arasında siyasi qarşıdurma regionda təhlükəsizliyin təmin edilməsinə mane olur, lakin siyasi qarşıdurmanın müstəqil Fələstin dövlətinin yaradılmasına təsir etməsi məsələsində mütəxəssislərin fikirləri müxtəlifdir.

Yaxın-Şərq "kvartetinin" (ABŞ, Aİ, BMT və Rusiya) xüsusi nümayəndəsi, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer Ramallahda Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas ilə görüşündə bildirib ki,"FƏTH və HƏMAS arsında qarşıdurma həll edilməyənə qədər müstəqil Fələstin dövlətini yaratmaq mümkün deyil", ərəb qəzeti "Aşarq əl-Avsat" məlumat verib.

Bleyer əlavə edib ki, "beynəlxalq ictimaiyyət İsrail ilə birlikdə təhlükəsiz şəraitdə mövcud olacaq suveren Fələstin dövlətinin yaradılması istiqamətində fəaliyyət göstərəcəyi barədə üzərinə öhdəlik götürüb", lakin ilk öncə Qərb Sahilini idarə edən FƏTH və Qəza bölgəsini idarə edən HƏMAS arasında qarşıdurmaya son qoymaq lazımdır.

Misirin vasitəçiliyi ilə milli Fələstin hökumətinin yaradılması istiqamətində FƏTH və HƏMAS arasında aparılan danışıqlara baxmayaraq, Fələstin partiyaları razılığa gələ bilməyiblər. Əsas problem HƏMAS-ın FƏTH qoşunlarının Qəza bölgəsinə daxil olmasına etirazı və İsrail və Fələstin administrasiyası arasında imzalanmış müqavilələrin ziddiyətli olmasını tanımasıdır. Qeyd edək ki, FƏTH qoşunları 2007-ci ildə hərbi toqquşmalar nəticəsində Qəza bölgəsindən çıxarılıb. Partiyalar milli hökumətin yaradılması proqramını hazırlayacaq xüsusi komitələrin formalaşdırılması barədə razılığa gəliblər və bu məsələ FƏTH və HƏMAS-ın iyul görüşündə müzakirə ediləcək. Qərb Sahilində HƏMAS-ın üzvlərinin daxil olduğu müvəqqəti milli hökumət orada 2010-cu ilin yanvarında keçiriləcək seçkilərə qədər fəaliyyət göstərəcək.

Adminisrtasiyanın danışıqlarda nümayəndə heyətinin keçmiş rəhbəri Həsən Asfurun fikrincə, Fələstin partiyalarının parçalanması İsrail ilə danışıqlarda vacib məqamdır, çünki fələstinlilər vahid şəkildə təmsil olunmayıblar.

"Fələstin birliyi problemi və daxili parçalanma məsələsi həll olunmazsa, İsrail ilə barışıq imkanlarından danışmaq çətindir, Trend -a Fələstin administrasiyasının keçmiş naziri Həsən Asfur telefon vasitəsi ilə bildirib. "Milli birlik (Fələstin) İsraili sülh danışıqlarına başlamağa məcbur etməyin ən effektiv üsuludur", - o deyib.

İsrail həmçinin hesab edir ki, HƏMAS-ın qəza bölgəsində nəzarətdən kənar qalması regionda təhlükəsizliyin təmin olunmasına mane olur, beləki hərəkat Misir sərhədinin yaxınlığında yerləşən tunellər vasitəsi ilə İrandan silah və raketlər alır. FƏTH ərəb və qərb ölkələrinin vasitəçiliyi hesabına İsrail ilə sülhün yaradılmasının tərəfdarıdır, lakin HƏMAS Qəza bölgəsinin blokadası və yəhudi məskənlərinin salınmasına cavab olaraq, İsrailə hərbi müqavimət göstərməkdən imtina etmir.

Yaxın-Şərq üzrə analitik Neil Kyulliam hesab edir ki, HƏMAS və FƏTH arasında mövcud olan qarşıdurma siyasi partiyaların hakimiyyət və nüfuz uğrunda adi mübarizəsinə bənzəmir. Bu səbəbdən hər iki partiya müstəqil Fələstin dövlətinin yaradılması üçün siyasi razılığa gəlməlidir.

"Əsas problem hakimiyyətin daxili balansının fələstinlilər tərəfindən vahid real hakimiyyət kimi qəbul olunan HƏMAS-ın xeyrinə dəyişməsidir",- Control Risks Böyük Britaniya mərkəzinin təhlükəsizlik üzrə analitiki Neil Kyulliam Trend -a elektron poçt vasitəsi ilə bildirib. "Cari vəziyyəti nəzərə alaraq demək olar ki, hər iki partiya hakimiyyətin bölüşdürülməsi barədə razılığa gəlməyənə qədər, vahid dövlətin yaradılması imkanları azdır", - o əlavə edib.

Fələstin administrasiyası daxilində olan siyasi gərginlik beynəlxalq vasitəçiləri vahid Fələstin dövlətinin yaradılmasına dəstək verməyə inandırmağa mane olacaq, Kyuliam hesab edir.

Qərb Sahilində yəhudi məskənlərinin salınması və beynəlxalq ictimaiyyətin HƏMAS-ı danışıqlar prosesinə cəlb etməkdən imtina etməsi Fələstin dövlətinin yaradılmasına əngəl törədir, müşahidəçilər hesab edirlər.

FƏTH və HƏMAS vahid Fələstin hökumətinin yaradılması üçün zəruridir, lakin müstəqil dövlətin yaradılması məsələsində İsrailin mövqeyi vacibdir, Yaxın Şərq üzrə aparıcı analitik Arib əl-Rəntavi hesab edir.

Fələstin partiyalarının parçalanmasının səbəbi İsrail ilə münaqişənin kəskinləşməsi, Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı kimi tanınmaması və Qərb Sahilində yəhudi məskənlərinin tikilməsidir, Trend -a telefon vasitəsi ilə Əmmandan "Əl-Qüds" (Al Quds Center for Political Studies) Siyasi Araşdırmalar Mərkəzini rəhbəri Əl-Rəntavi bildirib.

Şərqi İngiltərə Universitetinin (University of East Anglia) beynəlxalq münasibətlər üzrə mühazirəçisi Nikola Prat hesab edir ki, FƏTH və HƏMAS-ın parçalanması Fələstinin müstəqillik hərəkatına zərbə olmasına baxmayaraq, hər iki qrupun parçalanmasının əsas səbəbi HƏMAS hakimiyyətinin güclənməsi əleyhinə ABŞ və onun müttəfiqlərinin addımlarının nəticəsidir.

"HƏMAS və FƏTH-in parçalanması yəhudi məskənlərinin tikilməsi ilə daha da güclənir və bu, fələstinlilərə "iki xalq üçün iki dövlət"in yaradılmasına dəstək verməyə mane olur",- Trend -a elektron poçt vasitəsi ilə Nikola Prat deyib.

İsrail yəhudi məskənlərinin salınması prosesindən imtina etmir və bunu "Əhalinin təbii artımı" ilə izah edir. Vaşinqton bu məsələnin əleyhinə çıxır.

Qərb sahilində və Şərqi Qüdsdə əhalinin ümumi sayı yarım milyon təşkil edir, məskənlərin ümumi sayı isə 121-ə çatıb, RİA Novosti məlumat verib.

Prat hesab edir ki, əgər ABŞ yəhudi məskənlərinin salınmasına qarşı təzyiq göstərsə, bu, Fələstin milli hökumətinin yaradılmasına kömək edəcək.

İsrail və Fələstin arasında danışıqların çətin bir vəziyyətə düşdüyü bir zamanda, FƏTH və HƏMAS-ın barışdırılmasında ərəb ölkələri mühüm rol oynaya bilərlər.

Kyuliyam hesab edir ki, üçüncü tərəfin FƏTH və HƏMAS-ın barışıdırılması məsələsinə müdaxilə etməsi faydalı ola bilər. Məsələn, ötən ilin mayında Livanda hakim və müxalifət partiyaları arasında siyasi münaqişənin qarşısının alınmasında Qətər uğurlu vasitəçilik rolunu oynayıb.

Asfur da eyni zamanda düşünür ki, Misir və digər ərəb ölkələri Fələstin daxilində parçalanmanın qarşısının alınmasında ciddi maraqlıdırlar.

Yazda Ərəb Ölkələr Liqasının baş katibi Əmr Mussa FƏTH və HƏMAS-ı İsrail ilə danışıqlarda vahid mövqedən çıxış etmək üçün milli hökumətin yaradılmasına "ciddi yanaşmağa" çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti