Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan miqrasiya problemini Avropa ölkələri qarşısında qaldıracaq.
"Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Miqrasiya Komitəsində "Avropada miqrasiya meyilləri" mövzusunda məruzə ilə çıxış edəcəyəm və Avropa ölkələrindəki miqrasiya probleminə toxunacağam", - şənbə günü Trend -a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli bildirib.
Trend -un arayışı: Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin məlumatına görə, dünyada hər 35 nəfərdən biri, Azərbaycanda isə hər 8 nəfərdən biri miqrantdır. Mərkəzin statistikasına görə, hazırda dünyada miqrantların sayı 200 milyon, Azərbaycanda isə 1 milyona yaxındır. Azərbaycan dünyada ərazisində ən çox daxili miqrant məskunlaşan ölkədir. Dünyadakı miqrantların təxminən 48 faizini, Azərbaycandakı miqrantların isə 53 faizini qadınlar təşkil edir. Dünyada miqrantların 97-98 faizi başqa ölkə vətəndaşları olduğu halda, Azərbaycanda miqrantların 70 faizi ərazilərin işğalı nəticəsində ölkə daxilində yaşayış yerini dəyişməyə məcbur olmuş daxili miqrantlar, yəni Azərbaycan Respublikasının vətəndaşlarıdır. Başqa ölkələrdə məskunlaşan və yaşayan miqrantlar əsasən yerli əhali ilə eyni milli mənsubiyyətə malik olmayan şəxslər olduğu halda, Azərbaycanda məskunlaşan miqrantların 90 faizdən çoxu milli mənsubiyyətinə görə azərbaycanlılardır.
Hacıbəylinin sözlərinə görə, Azərbaycana miqrantların gəlməsinin əsas səbəbi ölkənin iqtisadi göstəricilərinin yüksəlməsi ilə bağlıdır. "Sosial problemlərin həlli, infrastruktur layihələrinin həyata keçirilməsi bilavasitə miqrasiyaya təsir edir. Əgər 10 il bundan əvvəl işsizlik problemi olduğundan Azərbaycandan miqrantlar Avropaya, xüsusilə Rusiyaya, Ukrayna və Qazaxıstana gedirdilərsə, indi bunun əksinə olan proses başlayıb. Həmin ölkələr iqtisadi böhranla üzləşsələr də, Azərbaycan böhranın təsirinə daha az məruz qalıb və daha sabit inkişaf gedir. Bu səbəbdən miqrantların geriyə qayıtmaq meyli də müşahidə edilir", - millət vəkili əlavə edib.
Hacıbəyli deyib ki, Azərbaycan İran, Əfqanıstan və İraq kimi ölkələr üçün də çox cəlbedici olub. "Bu ölkələrdən Azərbaycana həm qanuni, həm də qanunsuz yolla miqrasiya cəhdlərinin sayı artıb. Bir daha qeyd edirəm ki, bu, ölkəmizin iqtisadi nailiyyətləri ilə bağlıdır. Buna görə də Azərbaycan on il əvvəl Avropada miqrantların evi ölkəsi kimi tanınırdısa, artıq miqrantların müraciət etdikləri ölkəyə çevrilib. Şübhəsiz ki, bu göstərici kifayət qədər düşünməyə əsas verir və Azərbaycanın regionda lider dövlətə çevrilməsinə dəlalət edir", - millət vəkili vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]