Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın Milli Məclisinə (parlament) dəstək layihəsinin təqdimat mərasimi keçirilib.
"Tvininq" adlanan layihənin əsas məqsədi Azərbaycanda demokratiyanın və qanunun aliliyinin möhkəmlənməsinə töhfə vermək, xüsusilə də qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşdırılmasına yardım etməkdir", - Trend -un məlumatına görə, cümə günü Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib.
Ələsgərovun sözlərinə görə, layihənin həyata keçirilməsində Litva Seymi Azərbaycan parlamentarları ilə əməkdaşlıq edəcək. "Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın Avropa strukturlarına inteqrasiyası prosei də sürətlənəcək", - sədr müavini əlavə edib.
"Litva ilə Azərbaycan arasındakı münasibətlər bu layihənin həyata keçirilməsi nəticəsində daha da inkişaf edəcək və biz bu məsələdə tərəfdaş olduğumuz üçün sevinirik", - tədbirdə çıxış edən Litva Seyminin sədr müavini Çeslovas Stankeviç bildirib.
Stankeviç deyib ki, Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsi üçün layihə çərçlvəsində Litva parlamentarları öz təcrübələrindən maksimum istifadə edəcəklər. "Biz düşünürük ki, bu layihənin reallaşması Azərbaycanda parlamentin icra strukturları ilə də əlaqələrinin yenidən qurulması ilə nəticələnəcək", - sədr müavini vurğulayıb.
"Bu layihənin reallaşması Azərbaycan Prezidentinin, parlament rəhbərliyinin ölkədə parlamentizmin inkişafına nə qədər diqqətlə yanaşdıqlarını bir daha təsdiqləyir", - Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
Mirzəyevin sözlərinə görə, 24 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əsas hədəf Azərbaycanda demokratiyanı və qanunun aliliyini möhkəmləndirməkdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]