Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir E.İsmayılov /
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Xəzərdə keçirdiyi hərbi təlim Sərhəd Qoşunlarının peşakarlığının, döyüş və psixoloji hazırlığının yüksək səviyyədə olmasını sübut etdi. Trend -un məlumatına görə, bu barədə prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev bildirib.
DSX sentyabrın 22-dən 25-dək Xəzərdə hərbi təlim keçirib. Təlimdə 2000-dək hərbi qulluqçu, 29 gəmi və kater, 3 helikopter, artilleriya qurğuları, iri çaplı silah, zirehli və döyüş texnikasından istifadə edilib.
Təlimin məqsədi Xəzər dənizində Azərbaycan Respublikasının maraqlarının qorunması, hərbi qüvvələrin döyüş hazırlığının yoxlanılması, terror-təxribat qruplarının axtarışı və zərərsizləşdirlməsi üzrə tədbirlərdə şəxsi heyətin təcrübəsinin artırılmasıdır.
DSX rəisi, general-leytenant Elçin Quliyev təlimdən sonra jurnalistlərə bildirib ki, bu, Xəzərdə keçirilən genişmiqyasılı ilk təlimdir.
Təlimin uğurla başa çatdığını vurğulayan DSX rəisi hərbçilərin döyüş və mənəvi hazırlığından razı qaldığını və təlimin yüksək səviyyədə keçirildiyini bildirib.
Quliyev bildirib ki, təlim bu ilin planına uyğun keçirilib və onun Türkmənistanın Xəzərdə hərbi baza yaradacağı ilə bağlı verdiyi bəyanatlarla heç bir əlaqəsi yoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]