Sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - "Kotroçen" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Rumıniyanın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rumıniya Prezidenti Trayan Besesku və xanımı Mariya Besesku Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı sarayın önündə səmimiyyətlə qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident İlham Əliyev rumın əsgərlərini salamlayıb. Rumıniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidentinə, ölkəmizin nümayəndə heyətinin üzvləri Rumıniya Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.