...

Misirdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olmuşdur

Siyasət Materials 17 Oktyabr 2009 09:24 (UTC +04:00)
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olmuşdur. Bu barədə məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Misirdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olmuşdur

Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olmuşdur. Bu barədə məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xatırladaq ki, ilk dəfədir, Misir Ərəb Respublikasında xarici vətəndaşın adını daşıyan təhsil ocağı açılmışdır. Açılışda Abşeron Rayonu İcra Hakimiyyətinin nümayəndə heyəti iştirak etmişdir.

İki il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri zamanı imzalanan sənədlər sırasında Misirin Qalubiyyə vilayəti və Azərbaycanın Abşeron rayonu arasında dostluq və əməkdaşlığa dair anlaşma memorandumu da xüsusi yer tutur. Elə həmin ildən başlayaraq iki qardaşlaşmış şəhər arasında yüksək səviyyəli səfərlər və görüşlər həyata keçirilir.

Növbəti belə görüşlərdən biri də Abşeron rayonu nümayəndə heyətinin Misirə səfəri olmuşdur. Rayon İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti 15 milyon əhalisi olan Qalubiyyə vilayətindəki yeddi hektar ərazidə salınan Azərbaycan-Misir dostluq parkına gələrək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Sonra qonaqlar Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyacaq və yeni istifadəyə verilən məktəbin açılışında iştirak etmişlər.

Dördmərtəbəli, 1600 şagird yerlik məktəb binası Misirdə bu tipli yeganə müasir təhsil ocağıdır. Məktəb şagirdlərinin təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olacaqdır. Təhsil ocağında üç şöbə fəaliyyət göstərəcəkdir. Bunlar hazırlıq, əlil uşaqlar və ümumi təhsil şöbələridir.

Məktəbin foyesində Azərbaycan-Misir dostluğunu, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə, səhiyyəyə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbdə sinif otaqları, laboratoriyalar, kitabxana, kompyuter otağı, futbol və voleybol meydançaları vardır. Azərbaycan nümayəndə heyəti və Qalubiyyə vilayətinin qubernatoru Əbdül Hüseyn məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Sonda Qalubiyyə vilayətinin qubernatoru Ə.Hüseyn təhsil ocağına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adının verilməsi haqqında sərəncamı Abşeron rayon İcra hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim etmişdir.

Xəbər lenti

Xəbər lenti