...

Azərbaycanla İsveçrə arasında iqtisadi və siyasi əlaqələr çox yüksək səviyyədədir - Azərbaycan Prezidenti İlham Əliyev

Siyasət Materials 21 Oktyabr 2009 13:39 (UTC +04:00)
Azərbaycanla İsveçrə arasında iqtisadi və siyasi əlaqələr çox yüksək səviyyədədir, Azərbaycan Prezidenti İlham Əliyev İsveçrədə Azərbaycan Günlərinin rəsmi açılış mərasimində deyib, AzərTac dövlət informasiya agentliyinin çərşənbə axşamı məlumatında deyilir.
Azərbaycanla İsveçrə arasında iqtisadi və siyasi əlaqələr çox yüksək səviyyədədir - Azərbaycan Prezidenti İlham Əliyev

Azərbaycanla İsveçrə arasında iqtisadi və siyasi əlaqələr çox yüksək səviyyədədir, Azərbaycan Prezidenti İlham Əliyev İsveçrədə Azərbaycan Günlərinin rəsmi açılış mərasimində deyib, AzərTac dövlət informasiya agentliyinin çərşənbə axşamı məlumatında deyilir.

"Ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələr çox yüksək səviyyədədir. Bu gün bütün həmin məsələlər müzakirə olundu. Biz mövcud irəliləyişi qarşılıqlı məmnunluq hissi ilə görürük və perspektivləri müəyyən edirik. Əminəm ki, gələcək əlaqələrimiz daha gözəl olacaqdır. Çünki biz bir-birimizin imkanlarını yalnız indi kəşf etməyə, bir-birimizə real tərəfdaş kimi baxmağa başlamışıq. Son iki-üç il ərzində əlaqələrimizin intensiv xarakter alması qarşılıqlı ticarət dövriyyəsinin artmasına, yeni birgə layihələrin həyata keçirilməsinə aparır. İsveçrə şirkətləri Azərbaycanı sərmayələr üçün etibarlı ölkə hesab edirlər. Hətta beynəlxalq maliyyə və iqtisadi böhran ili olan 2009-cu ildə İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatına yüz milyonlarla vəsaitləri sərmayə kimi yatırırlar. Ən vacibi isə budur ki, sərmayələr iqtisadiyyatın qeyri-enerji sektoruna qoyulur. Bu, bizim bir-birimiz üçün nə dərəcədə vacib olduğunu göstərir. Əminəm ki, Azərbaycan şirkətləri də İsveçrədə sərmayə qoyacaq, birgə layihələrlə məşğul olacaqlar və bu, bizi daha da birləşdirəcəkdir", - Prezident İlham Əliyev deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanla İsveçrə bir çox sahələrdə ikitərəfli münasibətlərin intensivləşdirilməsinə nail olub. "Deyərdim ki, biz son illər ərzində bir çox sahələrdə münasibətlərimizi intensivləşdirməyə nail olmuşuq. Ötən il İsveçrə Prezidenti Azərbaycanda səfərdə oldu. Ölkələrimiz arasında nümayəndə heyətləri geniş şəkildə qarşılıqlı səfərlərdə olur. Hər iki ölkənin parlamentlərində İsveçrə-Azərbaycan dostluq qrupları fəaliyyət göstərir. Hazırda biz regionumuzun bir çox digər ölkələrini də əhatə edəcək qarşılıqlı maraq doğuran məsələləri müzakirə edirik", - İlham Əliyev deyib.

"Möhkəm siyasi əlaqələrin, qarşılıqlı iqtisadi maraqların olmasını və iqtisadiyyatlarımızın bir-biri ilə rəqabət aparmayan, əksinə, bir-birini dəstəkləyən iqtisadiyyatlar kimi mövcudluğunu nəzərə alaraq, biz böyük uğurları əldə edə bilərik. Azərbaycan müstəqil ölkə kimi nisbətən gəncdir. Müstəqil ölkə kimi biz yalnız 18 ildir ki, yaşayırıq. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələrimiz arasında bir çox oxşarlıqlar vardır. Ölkələrimizdə dövlətçiliyin tarixi və təkamül yolu eyni olmuşdur. Fikrimcə, ən mühüm oxşarlıqlardan biri isə, müstəqillikdir. Biz ölkələrimiz üçün müstəqillik kimi ən böyük nailiyyəti yüksək qiymətləndiririk. Müstəqil olmaq, özünü dərk etmək, getdiyin yolu qavramaq və müstəqil siyasət aparmaq qabiliyyəti çiçəklənmə və uğurlara aparan yoldur. İqtisadi və sosial inkişaf, yaşayış standartları baxımından sizin ölkə dünyada aparıcı ölkələrdən biridir. Müstəqillik, ləyaqət, neytrallıq, daxili məsələlərə diqqət və insanların həyatının yaxşılaşdırılması baxımından sizin ölkəniz nümunə ola bilər", - İlham Əliyev deyib.

Mərasimdə çıxış edən İsveçrə Prezidenti Hans-Rudolf Merts də həmçinin deyib ki, Azərbaycanla İsveçrə arasında bir çox paralellər aparmaq olar.

"İlk baxışda İsveçrə ilə Azərbaycan arasında çox xırda oxşarlıqlar müşahidə oluna bilər. Lakin əgər siz təfərrüatlara varsanız və daha dərin nəzər yetirsəniz, iki ölkə arasında paralel olan bir çox xətləri görə bilərsiniz. Onların hər ikisi sivilizasiyaların qovuşduğu yerdə yerləşən ölkələrdir. Azərbaycan Şərq ilə Qərbin, dinlərin və mədəniyyətlərin qovuşuğunda yerləşir. İsveçrə isə Avropanın mərkəzində, bir çox yolların kəsişdiyi yerdə yerləşir. Burada bir çox dillər, mentalitetlər və dinlər bir-biri ilə qovuşur. Hər iki ölkədə dağlar vardır. Hər iki ölkənin düzənlikləri vardır. Hər iki ölkədə siyasi vəziyyət sabitdir. Hər iki ölkə müstəqillik uğrunda mübarizə aparıb və onu hazırda möhkəmləndirir. Buna görə ölkələrimiz arasında münasibətlərin dərinləşməsi faydalı olardı. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuş, İsveçrə Azərbaycanda öz diplomatik nümayəndələyini açmışdır", - İsveçrə Prezidenti deyib.

İsveçrə Prezidentinin sözlərinə görə, İsveçrə-Azərbaycan münasibətləri bir çox sahələrdə inkişaf edib və bu günlərdə dərinləşməkdədir.

"Münasibətlərimiz bir çox sahələrdə inkişaf edib və bu günlərdə dərinləşməkdədir.
Lakin burada çatışmayan bir element vardır. O, mədəniyyət sahəsidir. Buna görə bu axşam burada olmağımdan və münasibətlərimizə yeni sahəni əlavə etməkdən olduqca məmnunam. Mədəniyyət sahəsindəki əlaqələrimiz uzun tarixi olan zəngin mədəniyyətə, adət-ənənələrə əsaslanır. Biz Azərbaycan mədəniyyəti ilə İsveçrədə növbəti həftələr ərzində geniş tanış olacağıq", - Hans-Rudolf Merts deyib.

Xəbər lenti

Xəbər lenti