...

Belarusun Qafqazda azərbaycanlılar kimi sadiq dostları var – Prezident Aleksandr Lukaşenko (MÜSAHİBƏ)

Siyasət Materials 11 Noyabr 2009 10:20 (UTC +04:00)
Trend News-un Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin noyabrın 12-də Minskə səfəri ərəfəsində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə eksklüziv müsahibəsi
Belarusun Qafqazda azərbaycanlılar kimi sadiq dostları var – Prezident Aleksandr Lukaşenko (MÜSAHİBƏ)

Belarus, Minsk, 11 noyabr / Trend , müxbir E.Hüseynov/

Trend -un Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin noyabrın 12-də Minskə səfəri ərəfəsində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə eksklüziv müsahibəsi

- Prezident İlham Əlyevin Minskə səfəri zamanı hansı əsas məsələlər müzakirə olunacaq? Bu görüşdən nələri gözləyirsiniz?

- Mən həqiqətən də İlham Əliyev ilə görüşümüzü gözləyirəm. Siz yaxşı bilirsiniz ki, biz şəxsən dostuq. Ümumiyyətlə, İlham Heydər oğlunun ailəsi, xüsusilə də onun atasına gözəl münasibət bəsləyirəm. Sovet dönəmində, beynəlxalq hüquq mütəxəssisi-mühazirəçi olarkən mən onun fəaliyyətinə tez-tez müraciət edirdim. O, Moskvaya köçürüləndə, Heydər Əliyevin antikorrupsiya fəaliyyətinə dair xeyli səs-küy yaranmışdı. Bu cəhətdən o, çox prinsipial insan idi.

Mən İlham Əliyevlə sadəcə prezidentin prezident ilə tanış olduğu kimi deyil, çox yaxından tanış oldum. Bir çox, bəlkə də yüzlərlə prezidentlə gözəl münasibətlərim var, lakin dost münasibətlərini az sayda şəxslərlə, o cümlədən İlham Əliyevlə qurmuşam. Görüşümüzü şəxsən çox gözləyirəm. Müzakirə etməli məsələlərimiz var.

Biz yaxşı normativ-hüquqi baza formalaşdırmışıq, hökumət, idarə və müəssisələrin, böyük, orta və kiçik biznes nümayəndələrinin əməkdaşlığında heç bir problemimiz yoxdur. Bizi Azərbaycanda hər zaman gözləyirlər, bizə hörmət edilir. Belarus sözü Azərbaycanın hər bir nöqtəsinə ən yaxşı buraxılışdır, mən bunu bilirəm və Azərbaycanda olarkən buna əmin oldum.

Baxmayaraq ki, quraşdırma proseslərindən başladıq, orada xeyli istehsalat qurduq. Hazırda isə istehsalatı Azərbaycana köçürürük. Bir çox Azərbaycan müəssisələri quraşdırdığımız və istehsal etdiyimiz texnikalarımız üçün ayrıca komplektləşdirmə komponentlərinin istehsalı ilə məşğul olur. Bu istiqamətdə biz birləşmiş formada fəaliyyət göstərməyə hazırıq, bu, çox perspektivli istiqamətdir.

- Azərbaycan və Belarus arasında əməkdaşlığın hazırkı səviyyəsindən razısınızmı? Həmçinin ticari-iqtisadi sahədə dölvətlərarası əlaqələrin inkişafı üçün hazırda nə kimi potensial mövcuddur?

- Ticari-iqtisadi münasibətlər əməkdaşlığımızın ikinci perspektivli istiqamətidir. Sizdən bizdə olmayan böyük məhsullar almalıyıq. Siz artıq bunu uğurla edirsiniz - bizim məhsullarımızı alırsınız. Azərbaycana tədarük olunan bəzi hərbi və mülki məhsul nümunələrinin sınaqdan keçirilməsindən sonra İlham Heydər oğlunun dediyi "hərbi və mülki sahədə yalnız Belarus məhsullarını alacağıq" sözlərini eşitmək mənim üçün çox xoş idi. Dövlət başçısının Belarus məhsullarının təkcə qiymətcə deyil, həm də keyfiyyətcə tamamilə rəqabət qabiliyyətliliyindən inanmağı böyük məsələdir. Azərbaycanda heç kəs Belarusda istehsal etdiyimiz məhsul növləri üzrə rəqabət apara bilməz. Bu da çox vacib məsələdir. Buna görə də bu cür iqtisadi əməkdaşlığı genişləndirmək lazımdır.

Razılaşın ki, beş il ərzində biz ticarət dövriyyəsini on dəfə artırdıq. Lakin dövlətlərimiz arasındakı 100 milyon dolardan bir qədər çox əmtəə dövriyyəsi lazımi potensial deyil. Biz daha cəld irəliləməliyik və əmtəə dövriyyəsini yarım milyarda kimi çatdırmalıyıq. Əgər Azərbaycan bazarı bu sayda məhsullarımıza ehtiyac duymursa, biz orada istehsalat yaratmalı və Azərbaycan ilə birlikdə üçüncü ölkələrlə də ticarət etməliyik. Yeri gəmişkən, biz artıq buna başlamışıq. Buna həm texnika, həm elektronika, həm optika, həm də radioelektronika aiddir, bu elmlə bağlı istehsaldır. Azərbaycan böyük məmnuniyyətlə bizə orada birgə quraşdırma istehsalı, birgə müəssisələr yaratmağa kömək edir.

Siz çox tikintilər inşa edirsiniz. Mən Bakıda olduğum zamanı bu miqyasda tikintilərə təəccübləndim. Əlbəttə, ölkə hazırda zəngindir, düzdür, bəzi problemlər də var. Bakının bütün tikinti konsepsiyası mənim çox xoşuma gəldi, bu konsepsiya Azərbaycanda çox düzgün istiqamətlənmişdir. Sahilyanı tikinti layihəsi, bəzi körpülərin inşasını bəyəndim. İlham Əliyev bizi orada işləməyə dəvət etdi və biz bu məsələdə çox maraqlıyıq, inşaatçılarımız Azərbaycanda işləməyə hazırdırlar. Biz hər bir tikinti texnikasını tədarük edə, Azərbaycanda tikinti materiallarının istehsalı üzrə istehsal obyektləri yarada bilərik.

Bir sözlə, əməkdaşlığımız üçün istiqamətlər çoxlu saydadır. Ən əsası isə bu və ya digər məhsulun istehsalı üzrə rəqib deyilik. İstehsal etdiklərimiz sizdə, sizin istehsal etdikləriniz isə bizdə yoxdur. Buna görə də biz mübadilə apara bilərik. Və bu çox yaxşıdır. Bunun üçün qarşıdakı səfər zamanı bir çox məsələləri, hətta əməkdaşlığımıza dinamika və əlavə təkan verəcək yeni məsələləri müzakirə edəcəyik.

- Belarusun MDB ərazisində "dondurulmuş münaqişələr", xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə nə kimi strategiyası var?

- Açıq danışsaq, biz bu problemlərin üzərindən ötüb keçə bilmərik. Necə olsa da Azərbaycan bizim ölkədir, o, bizə yad deyil, biz bir dövlətdə yaşamışıq. Onlara tez-tez dediyim kimi azərbaycanlılar çox alicənab insanlardır - əsl qafqazlıdırlar.

Bəzi mövqelərə görə, istər Pridnestrovye, istər Krım, istərsə də Dağlıq Qarabağ olsun, biz bir çox problemlərdən uzaqlaşa bilmərik. Mən tez-tez sadəcə dost kimi bu məsələni Azərbaycan və Ermənistanın indiki və əvvəlki prezidentləri ilə müzakirə etmişəm. Mən bu məsələdəki bir çox problem və nüanslara müdaxilə etməmişəm. Biz heç bir zaman bu məsələni siyasətdə istifadə etməmişik və heç bir zaman kiməsə qarşı dostlaşmamışıq, buna görə də bu problem ağrılı məsələdir.

Biz bunun həm Azərbaycan, həm də erməni xalqı üçün nə qədər vacib məsələ olduğunu anlayırıq. Bu "müşkül məsələ"ni həll etmək lazımdır. Azərbaycan və Ermənistan prezidentlərinə hər zaman demişəm ki, bu məsələni hər iki prezident həll etməlidir. Hər hansı vasitəçiyə ümid etməyə dəyməz. Düzdür, ATƏT-in Minsk qrupu var və əgər Minsk bu qrupun yaradılmasının mərkəzi kimi bu məsələdə nə iləsə kömək edə bilərsə, biz bunu məmnuniyyətlə edərik. Lakin bu məsələni yalnız iki prezident həll edə bilər. Vasitəçilərin cəlb edilməsi ola bilsin ki, yaxşıdır, lakin bu, öhdəlikləri üçüncü, dördüncü və beşinci tərəflərin fikirlərinin nəzərə alınmasına sövq edir. Bu işdə hər bir kəs özü üçün siyasət qurmağa cəhd göstərəcək. Əgər mən düzgün düşünürəmsə və siz bunula razısınızsa, o zaman bu problemi Azərbaycan və Ermənistan prezidentlərinin həll edə biləcəyi ilə razılaşmalısınız. Necə həll etməli? İlk növbədə, orada yaşayan şəxslərin maraqlarına uyğun. Onlar belə vəziyyətdə və şəraitdə yaşaya bilməzlər. Ağıllı insanlar isə hər zaman həll formalarını tapacaqlar, ən azından tapmağa məcburdurlar.

Buna görə də biz prosesin bu istiqamətdə - iki dövlət, iki prezident, iki xalq tərəfindən həll edilməli olduğunu dəstəkləyirik. Əyləşmək, müəyyənləşdirmək və həll etmək. İnsanlar isə hər zaman sağol deyəcəklər.

- Belarus və Azərbaycan respublikaları arasında 2015-ci ilə kimi uzunmüddətli sosial-iqtisadi əməkdaşlıq proqramının nəzərdə tutduğu tədbirlərin icrasını necə qiymətləndirirsiniz?

- Bu proqramın dəyəri ondan ibarətdir ki, bu, uzunmüddətli proqramdır. Biz imzalanma zamanı mümkün qədər daha sonrakı illəri nəzərə alaraq, iki dövlət arasında iqtisadi əməkdaşlıqda hansı istiqamətdə irəliləyəcəyimizi planlaşdırdıq. Bu proqramın qəbul olmasından sonra biz artıq onun inkişafı üçün bir sıra müqavilələr imzaladıq. Bu çox vacibdir ki, o, bizim hərəkət etməli olduğumuz yolu göstərdi. Əmtəə dövriyyəsinin on dəfə artması da bu proqramın töhfəsidir.

Düşünürəm ki, vaxt ötdükcə biz bu proqrama ciddi düzəlişlər edəcəyik. Biz hətta əməkdaşlığımızı belə intensiv inkişaf etdirəcəyimizi düşünmürdük. Bir halda ki, intensivlik artıb, deməli bu proqramın həyata keçirilməsi üzrə hərəkətin sürəti də artıb və bu çox böyükdür. Buna görə də ona düzəlişlər edilməlidir. Allaha şükür ki, dövlətlərimiz arasında daha ciddi əməkdaşlığa qədəm qoyacağıq. Lakin orta müddətli bir sənəd kimi bu proqram öz rolunu oynayıb.

- Azərbaycan və Belarus kənd təsərrüfatı və kənd təsərrüfatı maşınqayırması sahələrində səmərəli əməkdaşlıq edir. Bu, xüsusilə də Azərbaycanda Belarus traktorları və yük avtomobillərinin yığılması və üçüncü ölkələrdə onların birgə satışı layihəsinə aiddir. Kənd təsərrüfatı texnikasının istehsalı sahəsində mövcud əməkdaşlığı və bu layihələrin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Perspektivlər çox böyükdür, lakin qeyd etmək istədiyim əsas məsələ bizim heç bir yerdə, heç bir ölkədə sözügedən müəssisələrin yaradılması zamanı bu cür dəstək görməməyimizdir. Artıq qeyd etdiyim kimi, öncə biz quraşdırma istehsalı yaratdıq, hazırda isə lokallaşdırmaya çıxırıq - Azərbaycan tərəfi bu və ya digər məhsulun - traktor və avtomobillərin keyfiyyətini korlamamaq üçün iqtisadi inkişaf səviyəsinə əsaslanaraq istehsal edə biləcəyi məhsulları istehsal edir. Azərbaycan bizim Qafqazda dayağımızdır. Biz orada bazanı genişləndirəcəyik, istehsalı artıracağıq. Bildiyim qədər hazırda biz Azərbaycanda "MAZ" bazasında avtokranlar istehsal etməyə başlayırıq.

Biz orada liftlər istehsal etməyə hazırıq. Sovet dönəmində Mogilev Liftqayırma Zavodunda istehsal edilən liftlərin çoxu Azəbaycanda istismar olunur və onların təmiri və dəyişdirilməsi lazımdır. Onları Azərbaycanda istehsal etmək daha yaxşıdır.

Həmçinin digər istiqamətlər üzrə - kənd təsərrüfatı texnikası. Əlbəttə, Azərbaycanın da bunda marağı olarsa. Maraq var, belə ki, biz ərazinizdə üçüncü ölkələrlə ticarət etməyi öyrəndik. Düşünürəm ki, biz İlham Əliyevlə bu məsələni daha əyani şəkildə müzakirə edəcəyik.

Bizə bir çox Belarus müəssisələrindən məsələni qaldırmağımız və Azərbaycandan dəstək almağımız barədə təkliflər daxil olur. Düşünürəm ki, biz Azərbaycan Prezidenti tərəfindən dəstək qazanacağıq və bu ölkədə texnikamızın istehsalını daha da intensiv inkişaf etdirəcəyik. Siz bundan sadəcə xeyir götürəcəksiniz, çünki kənd təsərrüfatınız inkişaf edir. Güclü artıma texnikasız nail olmaq mümkün deyil.

- Məlum olduğu kimi, Azərbaycan müxtəlif istiqamətlərdə ixrac etdiyi böyük karbohidrogen ehtiyatlarına malikdir. Belarus Xəzər regionundan, xüsusilə də Azərbaycandan karbohidrogen alınmasında nə dərəcədə maraqlıdır? Ölkələrimiz üçün energetika sahəsində hansı əməkdaşlıq layihələri maraqlı ola bilər?

- Bu çox vacib məsələdir. Biz bir neçə dəfə bu məsələnin həllinə yaxınlaşmışıq. Biz kifayət qədər ciddi şəkildə karbohidrogen, o cümlədən neftin bizə tədarük olunması üzrə variantları nəzərdən keçirmişik. Əlbəttə, qonşu dövlətlərin bizə neft və qaz tədarük edilməsində maraqlı olması pis olmazdı. Təəsüf ki, hamı bazara görə mübarizə aparır, heç kəs öz bazarlarını elə-belə verməyəcək, bizim üçün isə karbohidrogen xammalı tədarüklərini diversifikasiya etmək çox vacibdir.

Rusiya bizə dost olan ölkədir, lakin bununla yanaşı, diversifikasiya vacibdir. Biz yalnız bir ölkənin karbohidrogen xammalı tədarüklərindən asılı ola bilmərik. Biz Ukrayna vasitəsilə neft tədarükü marşrutlarını nəzərdən keçirmişik, məsələni bu ölkənin prezidenti ilə uzun müddət müzakirə etmişik və sonuncu görüşümüzdə də bu barədə danışmışıq. Bu tankerlərlə Ukraynanın Qara dəniz sahilinə, sonra isə dəmiryol ilə bizim neft emalı zavodlarımıza tədarük marşrutudur. Daha bir istiqamət isə Odessa-Brodı neft kəməridir. Düşünürəm ki, bu variant mümkündür və heç bir problem olmadan biz neft emalı zavodlarımıza sizin çox keyfiyyətli və emal üçün yararlı neftinizi tədarük edə bilərik.

Əlbəttə, nəzərə almaq lazımdır ki, bu artıq tam hazır olan bazara daxil olmaq olacaq, burada dövlət artıq çoxdandır ki, ticarətlə məşğuldur, müəyyən əlaqələr qurulub. Buna görə də proses adi deyil. Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, hazırkı gündə Azərbaycan neftinin ixrac qiyməti yüksəkdir və bu, borunun digər ucunda - neft emal zavodunda iqtisadiyyata əl vermir. Lakin bu hələlik belədir. Biz bu variantları nəzərdən keçirmişik, razılaşan kimi və iqtisadi cəhətdən uyğun olan kimi biz dərhal bu layihəni həyata keçirməyə başlayacağıq. Azərbaycan, Xəzəryanı dövlətlər, Ukrayna və Belarus bu məsələdə maraqlıdırlar.

Ölkələrimiz arasında əməkdaşlığın inkişafına alternativlər mövcud deyil. Mən ən gözəl arzularımı Azərbaycan rəhbərliyinə, ən əsası dost və çox əzab görmüş Azərbaycan xalqına, qardaşlarımıza çatdırmağınızı çox xahiş edirəm. Biz Qafqazda azərbaycanlılar kimi sadiq dostlarımızın olmasını unutmamışıq.

Xəbər lenti

Xəbər lenti