Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın hakim partiyasının sədr müavini hesab edir ki, ölkədə proporsional seçki sisteminin bərpasına və deputatların sayının artırılmasına ehtiyac yoxdur.
"Parlament seçkilərinin mojaritar sistem üzrə keçirilməsi özünü doğrultduğundan, proporsional seçki sisteminin bərpasına ehtiyac yoxdur", - bazar ertəsi Trend -a Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.
2000-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə - majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sistemə keçilib.
Əhmədovun sözlərinə görə, indi ölkədə seçki sisteminin dəyişdirilməsinə hər hansı ciddi zərurət yoxdur.
Deputatların sayının artırılması ilə bağlı təkliflərə gəldikdə, sədr müavininin fikrincə, Azərbaycanın Parlamenti kifayət qədər səmərəli işləyir.
"Parlament bu say tərkibi ilə qarşısında duran vəzifələrin öhdəsindən gəlir. Belə olan halda hər hansı ciddi dəyişikliyin tətbiq edilməsinə xüsusi ehtiyac qalmır", - millət vəkili əlavə edib.
Ermənistan və Gürcüstanın əhalisinin Azərbaycandan qat-qat az olmasına baxmayaraq, bu ölkələrdə deputatların sayı bizdəkindən çoxdur.
Sədr müavini isə deyib ki, bununla bağlı müxtəlif müqayisələr aparmaq olar.
"Azərbaycanın büdcəsi də adları çəkilən ölkələrin büdcəsindən qat-qat çoxdur. Mən belə hesab edirəm ki, bu, hər hansı məsələnin həlli üçün nümunə ola bilməz. Bir daha qeyd edirəm ki, deputat korpusu qanunverici orqanın öz fəaliyyətini səmərəli şəkildə həyata keçirmək mülahizələrindən çıxış olunaraq formalaşdırılır. Güman edirəm ki, Azərbaycanın Milli Məclisi bugünki tərkiblə öz funksiyalarını layiqincə yerinə yetirir", - Əhmədov vurğulayıb.
Azərbaycan Parlamentinin deputatları təklif ediblər ki, deputatların sayı 200-dən artıq olmalıdır. Hazırda parlamentdə 125 deputat fəaliyyət göstərir.