...

Azərbaycan və Estoniya arasında çox güclü siyasi dialoq mövcuddur - İlham Əliyev

Siyasət Materials 7 Aprel 2010 22:50 (UTC +04:00)
Azərbaycan və Estoniya arasında çox güclü siyasi dialoq mövcuddur, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Tallində edilən bəyanatında söyləyib.
Azərbaycan və Estoniya arasında çox güclü siyasi dialoq mövcuddur - İlham Əliyev

AzərbaycanEstoniya arasında çox güclü siyasi dialoq mövcuddur, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Tallinndə verdiyi bəyanatında söyləyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Cənab Prezident, əvvəlcə, gözəl ölkənizə səfər etmək məqsədi ilə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Burada olmağımdan və Sizinlə olduqca fəal dialoqumuzu davam etdirməkdən çox şadam. Bu dialoq bir il öncə Azərbaycana etdiyiniz səfər zamanı başlanmışdır. Bu, Estoniya Prezidentinin Azərbaycana ilk səfəri idi. Bu gün isə Azərbaycan Prezidentinin Estoniyaya ilk səfəridir. Münasibətlərimizin dinamikası və görüşlərimizin mütəmadi olması qarşılıqlı marağı nümayiş etdirir. Eyni zamanda, bu, onu göstərir ki, ölkələrimiz arasında geniş münasibətlərin olmasında hər iki tərəfin iradəsi vardır. Bizim çox güclü siyasi dialoqumuz mövcuddur. Ümidvaram ki, bu səfər və səfərim zamanı imzalanmış sənədlər iqtisadi münasibətlərin güclü inkişafına xidmət edəcək", - İlham Əliyev deyib.

Prezident İlham Əliyev əminliklə bildirdi ki, ölkələrdəki biznes dairələri siyasi liderlərin yolunu davam etdirəcəklər və münasibətləri gələcəkdə fəal şəkildə inkişaf etdirmək məqsədi ilə güclü iqtisadi əlaqələr quracaqlar.

"Humanitar sahədəki əlaqələr hər zaman mühüm olmuşdur. Biz ikitərəfli münasibətlərimizin bu aspektini də geniş şəkildə müzakirə etdik. İnsanlarımız bir-birini daha yaxşı tanımalıdır, - bir-biri ilə daha çox ünsiyyətdə olmalıdır. Birgə iqtisadi və sərmayə layihələrini həyata keçirməlidirlər. Başqa sözlə desək, bu münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə fikrimcə, biz bu cür qarşılıqlı, möhkəm iradənin olmasından istifadə etməliyik. Əminəm ki, ölkələrimizdəki biznes dairələri siyasi liderlərin yolunu davam etdirəcəklər və münasibətlərimizi gələcəkdə fəal şəkildə inkişaf etdirmək məqsədi ilə güclü iqtisadi əlaqələr quracaqlar", - Azərbaycan Prezidenti deyib.

Onun sözlərinə görə, Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olması və sülh prosesini yubatmaq siyasəti Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük maneə yaradır.

"Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu gün gündəlikdə duran bir çox ikitərəfli və beynəlxalq məsələləri geniş şəkildə müzakirə etdik. Mən Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması sahəsində baş vermiş son hadisələr barədə cənab Prezidentə məlumat verdim. Təxminən 20 il ərzində torpaqlarımızın işğal altında olması faktı onu göstərir ki, məsələnin beynəlxalq səviyyədə tanınmış normalara və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həllinə yönəlmiş bütün səylərimizə baxmayaraq, Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olması və sülh prosesini yubatmaq siyasəti münaqişənin həllinə böyük maneə yaradır. Prosesdə vasitəçi kimi çıxış edən tərəflər, yəni Minsk qrupunun həmsədrləri hər iki tərəfə münaqişənin həlli ilə bağlı təklif veriblər. Bu təklif beynəlxalq səviyyədə tanınmış normalara, beynəlxalq təşkilatların qətnamə və qərarlarına əsaslanır. Ümumən, həmin təklif çox kiçik istisnalarla üç ay bundan əvvəl Azərbaycan tərəfindən rəsmən və açıq şəkildə qəbul edilib. Lakin əfsuslar olsun ki, biz Ermənistan tərəfindən eyni yanaşmanı görmədik. Beləliklə, Azərbaycan həmin təkliflə irəliyə doğru getməyə hazırdır. Lakin biz Ermənistan tərəfindən adekvat cavabı görmədik. Bu, bizim şübhələrimizi daha da artırır ki, Ermənistan sadəcə status-kvonu saxlamaq fikrindədir, öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmaq istəmir, prosesi yubatmaq arzusundadır və müəyyən mərhələdə qaçmağı üstün tutur. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan dairələr, o cümlədən Avropa təsisatları Azərbaycana qarşı aparılmış etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırmaq, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yerlərinə qayıtmağına imkan vermək və işğala son qoymaq məqsədi ilə suveren ölkənin 20 faiz ərazisini qeyri-qanuni olaraq işğal altında saxlayan Ermənistanı inandırmaq üçün səylərini artırmalıdırlar. Bundan sonra regionda sülh bərqərar oluna bilər", - İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, ölkələr arasında çox yüksək qarşılıqlı anlaşma vardır.

"Bu məsələdən başqa, biz enerji əməkdaşlığını müzakirə etdik. Bu əməkdaşlığın güclü potensialı və artıq yaxşı nəticələri vardır. Regional vəziyyəti müzakirə etdik. Deyə bilərəm ki, ölkələrimiz arasında çox yüksək qarşılıqlı anlaşma vardır. Fikrimcə, Estoniya və Azərbaycan kimi ölkələr arasındakı əməkdaşlıq Xəzər, Qara və Baltik dənizləri regionlarında da daha yaxşı anlaşmanın yaranmasına xidmət edəcəkdir" - Azərbaycan Prezidenti deyib.

İlham Əliyev eston cəmiyyətinin 100 illiyi münasibətilə azərbaycanlıları və estonları təbrik etdi.

"Hesab edirəm ki, mən bu sözlərlə öz şərhlərimi yekunlaşdıra bilərəm və münasibətlərimizi irəliyə doğru aparmaqda səmimi arzularımızı bildirirəm. Cənab Prezidentlə dost münasibətlərimizi nəzərə alaraq, mən nümayəndə heyətinin bütün üzvlərindən xahiş edərdim ki, bu müsbət nümunədən istifadə etsinlər və öz aralarında yaxşı münasibətlər yaratsınlar. Eyni zamanda, Azərbaycandakı eston cəmiyyətinin 100 illiyi münasibətilə azərbaycanlıları və estonları təbrik edirəm. Bu, onu göstərir ki, xalqlarımız arasında ünsiyyətin qədim tarixi vardır. Bu gün biz inkişafın bu mərhələsində belə müsbət tarixi nümunədən istifadə etməliyik. Sağ olun!"- İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti