Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev Böyük Britaniyada səfərdədir. Aprelin 27-də Nuriyev London Universitetinin Elmi Analitik Mərkəzində SAM və Böyük Britaniya Azərbaycanlıları Şəbəkəsinin (UK-Azeris Network) birgə təşkilatçılığı ilə "Münaqişənin həlli istiqamətində Azərbaycanın axtarışları və yeni regional nizamın quruluşu" mövzusunda keçiriləcək konfransda əsas məruzəçi qismində iştirak edəcək.
Aprelin 28-də isə SAM rəhbərinin Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda "Azərbaycanın müasir geosiyasəti" mövzusunda keçiriləcək "dəyirmi masa"da çıxışı gözlənilir.
Sözügedən tədbirlərdə Böyük Britaniya Parlamentinin üzvlərinin, nüfuzlu politoloqların, iqtisadçıların və bu ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirakı gözlənilir.
Səfər çərçivəsində Nuriyev nüfuzlu ekspertlərlə işgüzar görüşlər keçirərək, onlarla Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan-Avropa, əsasən də Azərbaycan-Böyük Britaniya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparacaq.