Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir Ü.Sadıxova/
Fələstin-İsrail münaqişəsi siyasi və ərazi mübahisələrinə əsaslanır, dini səciyyə daşımır. Moskvanın baş ravini və Avropa Yəhudiləri Konfederasiyasının sədri Pinxas Qoldşmidt belə hesab edir.
"Problem ondan ibarətdir ki, artıq mövcud olan münaqişə ona dini çalar əlavə edilməsi ilə daha da dərinləşdirilir", - Bakıda təşkil edilən Dünya dini liderlərinin sammitində iştirak edən Qoldşmidt deyib.
Müxtəlif ölkələrin nümayəndə heyətləri nümayəndələrinin sözlərinə görə, sammitin nailiyyətlərindən biri dinlərarası dialoqun dərinləşdirilməsi ola bilər.
Ravin Qoldşmidtin fikrincə, Fələstin-İsrail münaqişəsinin mahiyəti ondan ibarətdir ki, dini liderlər qatı milliyətçiliyi dini məqsədlər üçün istifadə edir. Onun sözlərinə görə, bu, insanları inama qaytarmağa cəhddir.
"Möminlərin din yolu ilə "dua evi"nə qayıtması mümkün olmadığı zaman dini liderlər milliyətçiliyi olduqca kəskin formada işlədirlər. Lakin müsəlman, xristian və yəhudi dini liderləri Fələstin-İsrail münaqişəsinin dini xarakter daşımasını rədd edir", - Qoldşmidt deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən bu cür sammit dini liderlərin münaqişənin çətinləşdirilməsi üçün dini faktorlara əl atmasının qarşısını almağa kömək edəcək.