...

Mozdokdan başlanan döyüş yolu – 416-cı diviziyanın döyüşçüsü Əmiralı Əmirəliyev (FOTO)

Siyasət Materials 9 May 2010 10:00 (UTC +04:00)
İkinci Dünya müharibəsinin sona çatmasından çox illər ötüb. Bu il böyük qələbənin 65-ci ildönümüdür. O dəhşətli günlərdən uzun zaman keçməsinə baxmayaraq, hələ də o ağrılı-acılı müharibə illərinin kədərini, qələbənin sevincini qəlbində yaşadan insanlar var. 1941-1945-ci illərdə Azərbaycandan sovet ordusunda 640 min nəfər cəbhəyə gedib. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrda 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında 271-ci milli atıcı diviziyalar təşkil olunub. Döyüşlərdə fərqləndiyinə və Taqanroq şəhərinin azad olunmasına görə 416-cı diviziyaya fəxri Taqanroq diviziyası adı verilib.
Mozdokdan başlanan döyüş yolu – 416-cı diviziyanın döyüşçüsü Əmiralı Əmirəliyev (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir T.Hacıyev/

İkinci Dünya müharibəsinin sona çatmasından çox illər ötüb. Bu il böyük qələbənin 65-ci ildönümüdür. O dəhşətli günlərdən uzun zaman keçməsinə baxmayaraq, hələ də o ağrılı-acılı müharibə illərinin kədərini, qələbənin sevincini qəlbində yaşadan insanlar var. 1941-1945-ci illərdə Azərbaycandan sovet ordusunda 640 min nəfər cəbhəyə gedib. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrda 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında 271-ci milli atıcı diviziyalar təşkil olunub. Döyüşlərdə fərqləndiyinə və Taqanroq şəhərinin azad olunmasına görə 416-cı diviziyaya fəxri Taqanroq diviziyası adı verilib.

416-cı Taqanroq diviziyası öz döyüş yolunu 1942-ci ilin noyabrında Mozdok ətrafında döyüşlərdən başlamış, Şimali Qafqazı, Rostov vilayətini, Taqanroq şəhərini faşistlərdən azad etdikdən sonra düşmənin "Nikopol" qruplaşmasının məhv edilməsində, Nikolayev, Odessa, Kişinyov və Polşanın paytaxtı Varşavanın azad edilməsində iştirak etmişdi. Döyüş yolunu faşizmin paytaxtı Berlində, Brandenburq darvazası önündə başa çatdırmışdı.

Müsahibimiz Qırmızı Bayraqlı, Suvorov ordenli 416-cı Azərbaycan-Taqanroq diviziyasının keçmiş əsgəri, döyüşdə göstərdiyi şücaətlərə görə bir neçə dəfə orden və medallara layiq görülmüş Əmiralı Əmirəliyevdir.

Əmiralı Əmirəliyev cəbhəyə getdiyi ilk anları xatırladır

Əmiralı müəllim müharibə illərini xatırladıqca, gözlərində həm müharibənin ağrılı-acılı günlərini, həm də çəkdiyi min bir əzabı görürdün. Lakin bu baxışların arxasında bir mərdlik, qələbənin sevincini duyurdun.

"Xatırladıqca olub keçənlər yada düşür, göz önünə gəlir. 1941-45-ci illərin Böyük Vətən müharibəsi hərbi texnika, "motorlar" müharibəsi olduğundan, düşmənin hərbi planında əsas məqsəd cənub cəbhəsində Bakının ələ keçirilməsi idi. Ona görə ki, Böyük Vətən müharibəsində cəbhənin yanacağa olan tələbatının 75-80 faizini Bakı təchiz edirdi. Odur ki, Azərbaycanda Qafqazın müdafiəsini möhkəmləndirmək üçün milli diviziyalar yaradıldı. Mən də 1942-ci ildə martın 8-də 416-cı milli diviziyanın tərkibində cəbhəyə göndərildim", - Əmiralı Əmirəliyev söylədi.

Müharibə veteranı həmin anları belə xatırlayır:

"O zaman mən orta məktəbdə 10-cu sinifdə oxuyurdum. Müharibə xəbərini eşidəndə, bütün sinif yoldaşlarımızla birlikdə könüllü müharibəyə getmək üçün hərbi komissarlığa müraciət etdik.

Hələ də orta məktəbdə oxuduğumuza görə əsgərliyə getməyimizə icazə yox idi. Lakin 1942-ci ilin martında biz növbədənkənar imtahan verdik və döyüşə yollandıq. Həmin vaxt faşist ordusu Şimali Qafqaza qədər irəliləmişdi. Mənim döyüşdüyüm 416-cı diviziyanın mərkəzi Ucar rayonunda idi. Ətraf rayonlardan çağırışçılar orada toplanırdı. 1942-ci ilin fevral-mart aylarında diviziya formalaşdıqdan sonra biz üç aylıq təlimə göndərildik. İyun ayılnda isə Şimali Qafqazın müdafiəsinə göndərildik. Noyabr ayının 30-da biz Mozdok ətrafında almanlarla ilk döyüşümüzə başladıq. Döyüşümüz uğurlu oldu və beləliklə 416-cı Taqanroq diviziyasının şərəfli döyüş yolu başlandı".

Əmiralı Əmirəliyev deyib ki, müharibəyə gedən zaman onun və əsgər yoldaşlarımın əksəriyyətinin 18 yaşı var idi.

"Ancaq nə qədər qəribə olsa da bizdə o zaman qorxu hissi yox idi. Qorxunun nə olduğunu bilmirdik. Həmin vaxtlar hərbi-vətənpərvərlik tərbiyəsi çox yüksək idi. Dövlətə böyük inam var idi. Biz qorxu hiss eləmirdik. Ona görə hiss eləmədik ki, ən çətin zamanlarda "Za rodinu" əmri verilirdisə, biz əlbəyaxa - süngü döyüşünə gedirdik. Vətən sevgisi hər bir hissiyata qalib gəlirdi. Gözümüzün önündə yalnız vətənin işğaldan azad olunması dururdu. Belə bir döyüşə gedən insanlar ölümdən qorxmurlar", - müharibə veteranı vurğulayıb.

416-cı Azərbaycan-Taqanroq diviziyasının döyüş yolu

Əmirəliyev deyib ki, müharibə illərində cənub cəbhəsinin müdafiəsi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə tapşırılmışdı. Ona görə də Azərbaycanda milli diviziyalar formalaşdırılırdı.

"Mənim iştirak etdiyim ilk döyüş 1942-ci ilin qışında Mozdok ətrafında oldu. Almanlar canlı qüvvənin sayına və hərbi texnikaya görə bizdən üstün idilər. Bizim diviziyanın əsgərlərinin əksəriyyəti yeniyetmə olduğuna görə, almanlar bizim əsgərlərdən fiziki baxımdan da güclü idilər. Mən pulemyotçu idim. Yoldaşlarım gözümün önündə həlak olurdular. Yaralılara yardım göstərməyə sanitarlar yetişə bilmirdilər, çatdıra bilmirdilər. Lakin biz davam gətirdik və alman ordusu geri çəkilməyə məcbur oldu", - müharibə veteranı bu cür xatırlayır.

Əmirəliyev 416-cı diviziyanın döyüş yolunun Mozdokdan Berlinə qədər olduğunu bildirdi.

"Bu diviziya ilk illərdə qəhrəmanlıq göstərdiyinə görə, faşist ordusu onun qarşısında tab gətirmədi. Bizim diviziya 1942-ci ilin qış aylarında Şimali Qafqazı azad elədi. 1943-cü ilin yaz-yay aylarında Gerqovskaya, Zolotoryov və Sovetskaya stansiyalarını azad etdi. 1943-cü ilin avqust ayında biz Taqanroq şəhərini də azad etdik. Bu münasibətlə SSR Ali Sovetinin qərarı ilə bizim diviziyaya Taqanroq şəhərinin adı verildi.

"Ümumilikdə müharibə dövründə bizim diviziya 12 dəfə ali baş komandanlıqdan təşəkkür alıb", - İkinci Dünya müharibəsi iştirakçısı deyib.

"Çöldə yaralı vəziyyətdə iki gün qaldım"

Əmirəliyev döyüş zamanı yaralandığını bildirdi:

"Müharibənin müxtəlif taleləri olur. İnsan var ki, üç-dörd il döyüşlərdə olur, ancaq ona heç nə olmur. Ancaq elə insanlar var ki, elə ilk döyüşdə həlak olur. O zaman diviziya irəliləyirdi. Yaralıların bəziləri sanitara rast gəlirdilər, bəziləri isə yaralı vəziyyətdə çölün düzündə qalır və həlak olurdular. Mənim də başıma belə bir iş gəlib. Döyüş zamanı tankların, topların və pulemyotların səsi bir-birinə qarışırdı. İnsanlar gözümün önündə həlak olurdular. Mənə yaxın bir yerdə mərmi partladı və qəlpəsi ayağımı yaraladı. Ağrıya dözmək olmurdu. Heç kəs döyüşdən ayrılıb mənə kömək edə bilmirdi. Bəxtimdən rastıma həkim də çıxmadı. Diviziya irəlilədikcə, mən qalırdım. Beləliklə, iki gün yaralı vəziyyətdə çöldə qaldım. Sürünə-sürünə bir maşın yoluna çıxa bildim. Ayağa qalxa bilmədiyimə görə yoldan keçən avtomobillərdəki insanlar məni görmürdülər. Axırda yolun ortasına tərəf süründüm və orada uzandım. Cəbhəyə silah-sursat daşıyan maşınlardan biri saxladı və məni oradan götürüb Naursk stansiyasına gətirdi. Orada tibb məntəqəsinə göndərdilər və xəstəlik tarixçəsi yazdılar, yaralılarla birlikdə qatarla yola saldılar. Növbəti stansiyada qatar dayananda dedilər ki, bura Mahaçqaladır. 50 nəfər yaralını orada düşürürdülər. Düşündüm ki, bu qatarın növbəti dayanacağı Azərbaycandır. Ona görə də qatara qayıtdım və öz yerimə uzandım. Bakıda iki ay müalicə olunduqdan sonra Novorossiyskdə döyüşməyə göndərildim. O şəhərin azad olunmasında iştirak etdim. Lakin həmin döyüşdə bu dəfə qolumdan yaralandım".

"Erməni faşistləri Hitler faşistlərindən qat-qat çox vəhşiliklər ediblər"

Müharibə veterani bildirdi ki, onlar işğaldan azad olunmuş şəhərlərə daxil olarkən bu şəhərlərin normal vəziyyətdə olduğunu görürdülər:

"O şəhərlərin əhalisindən soruşurdum ki, bəs bizə məktəbdə deyirdilər, almanlar işğal etdikləri şəhəri od vurub yandırırdılar, talan edirdilər, dağıdırdılar. Axı indi mən görürəm ki, bu binaların heç birində güllə yeri yoxdu. Oranın camaatı söyləyirdilər ki, alman ordusu burdan keçib getdi.

Demək istəyirəm ki, onların dinc sakinlərlə işləri yox idi. Yalnız partizan mübarizəsi aparan şəxsləri cəzalandırırdılar. Faşist Almaniyası ilə Ermənistanın fərqinə fikir verin. Ermənilər işğal etdikləri Azərbaycan şəhərlərinin əhalisini işgəncə ilə öldürməklə yanaşı, şəhərin özünü də viran qoyurdular. Xocalı və Ağdam şəhərləri, işğal altında olan digər bütün rayonlar buna nümunədir. Ermənilər tərəfindən işğal olunmuş torpaqlarda nəinki əhali yaşamır, hətta o şəhərlərin daşını-divarını da söküb aparırlar. Erməni faşistləri Hitler faşistlərindən qat-qat çox vəhşiliklər ediblər".

Əmiralı Əmirəliyev saysiz-hesabsız medallar alıb

Əmirəliyev onun müharibədə ən böyük mükafatının qələbə xəbəri eşitməyi olduğunu dedi:

"Yaralandığıma görə, diviziyamızın tərkibində Berlinə qədər gedə bilmədim. Lakin qələbə xəbərini eşitdiyim gün həyatımın ən xoşbəxt günü idi. Çünki bizim zəhmətimiz hədər getməmişdi. Tökülən qanlar yerdə qalmamışdı. Bunda əlavə, dövlət tərəfindən bir sıra orden və medallarla mükafatlanmışam. Böyük Vətən müharibəsində Qafqazın azad edilməsi uğrunda döyüşlərdəki şücaətə görə, Ali Baş Komandanın təşəkkürünü almışam, Taqanroq şəhərinin işğaldan azad olunmasında igidliyə görə ordeni ilə təltif olunmuşam. Birinci və ikinci dərəcəli qələbə ordeninə layiq görülmüşəm. Ukraynanın azad olunması uğrunda döyüşlərə görə iki dəfə medal almışam".

Xəbər lenti

Xəbər lenti