...

Azərbaycanın müxalifət partiyaları bir-birlərini yalan danışmaqda ittiham edir

Siyasət Materials 5 Avqust 2010 14:24 (UTC +04:00)
Azərbaycan müxalifətinin iyulun 31-də keçirilən mitinqi Demokratiya Uğrunda İttifaq (DUİ) və "Müsavat" partiyasının birgə təşəbbüsü ilə həyata keçirilib.
Azərbaycanın müxalifət partiyaları bir-birlərini yalan danışmaqda ittiham edir

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifətinin iyulun 31-də keçirilən mitinqi Demokratiya Uğrunda İttifaq (DUİ) və "Müsavat" partiyasının birgə təşəbbüsü ilə həyata keçirilib. Bu barədə cümə axşamı Trend-ə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

"İyulun 31-də keçirilən mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə DUİ və "Müsavat" partiyası nümayəndələri birgə müraciət ünvanlayıblar. Müraciəti DUİ adından KXCP nümayəndələri, "Müsavat" tərəfindən isə həmin partiyanın nümayəndələri imzalayıblar. AXCP-nin kimə və nə vaxt müraciət etməsi barədə bizim xəbərimiz yoxdur. Fakt budur ki, onlar da aksiyada iştirak ediblər. Lakin birgə kütləvi aksiyanın keçirilməsi DUİ və "Müsavat"ın təşəbbüsü ilə olub", - Mirəlioğlu əlavə edib.

Azərbaycanın müxalif DUİ, AXCP və "Müsavat" partiyası iyulun 31-də Bakının kütləvi mərkəzində aksiya keçirməyə cəhd ediblər. AXCP-nin avqustun 4-də mitinqlə bağlı yaydığı bəyanatda mitinqin AXCP və "Müsavat"ın birgə təşəbbüsü ilə keçirildiyi qeyd olunub. Bəyanatda DUİ-nin fəaliyyəti qeyd olunmayıb.

Mirəlioğlunun sözlərinə görə, AXCP-nin bu cür bəyanatlar verməsi həmin partiyanın daxilindəki təlatümlərdən irəli gəlir.

"Yurd"da (red: AXCP-də) bu gün böyük təlatümlər yaşanır. Bu təlatümləri ört-basdır etməkdən ötrü, DUİ-nin üzərinə gəlirlər. Onların seçdiyi yol bundan ibarətdir ki, "gözümü yumaram, dünya qaranlığa qərq olar". Onlar gözlərini yumurlar və elə bilirlər ki, hər yer qaranlıqdır. Heç kəs kimsənin əməyini puça çıxara bilməz. Bizim onların gözüaçıqlığına da, bizə baxmaqlarına da ehtiyacımız yoxdur", - Mirəlioğlu deyib.

Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Milli Azadlıq Hərəkatı zamanı gizli şəkildə 1989-cu ildə təsis olunub. Partiya kimi 1995-ci ildə qeydiyyatdan keçib. 2000-ci ilin avqust ayında partiya sədri Əbülfəz Elçibəyin vəfatından sonra, ideoloji səbəblərdən partiya iki hissəyə - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qollarına bölünüb.

Qeyd olunan məsələ ilə bağlı AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı da Trend-ə açıqlama verib.

"Sözügedən bəyanatla bağlı onu deyə bilərəm ki, bu, "Müsavat"la AXCP-nin birgə təşkil etdiyi aksiya idi. Sadəcə olaraq, Mirmahmud Fəttayevin (red: Mirəlioğlunun) təşkilatı "Müsavat" tərəfindən bu prosesə qoşulmuşdu. Çünki bu proses açıq idi. İstənilən təşkilat bu aksiyaya qoşula bilərdi", - Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, Mirəlioğlunun iddiaları əsassızdır: "DUİ tərəfindən təşəbbüs irəli sürülməsi ilə bağlı fikirlər tamamilə əsassızdır. Bu aksiya AXCP ilə Müsavat arasında razılaşdırılmış bir qərardır. Sadəcə olaraq, DUİ də bu aksiyada iştirak etmək istəyirdi və "Müsavat" ilə bu aksiyaya qoşulub. Görünür, bu adam siyasi proseslərdə artıq öz rolunu itirib. Siyasi proseslərdə öz yerini görmədiyindən, görülmüş işlərə öz iddialarını irəli sürməklə varlığını göstərmək istəyir", - Qəhrəmanlı deyib.

AXCP funksioneri hesab edir ki, Mirəlioğlunun sözləri intriqa yaratmaq məqsədi güdür.

"Demokratiya uğrunda mübarizənin intensiv getdiyi bir şəraitdə, bu cür insanların belə intriqa yaratmaq, kimlərisə hədəfə alaraq öz səviyyələrinə uyğun açıqlamalar vermək cəhdi diqqəti əsas məsələdən yayındırmaq məqsədi güdür. Bu cür məsələlərə vaxt ayırmağa dəyməz. Bu adam siyasətlə məşğul olmaqdansa, Qorbaçovun öldürülməsi ilə bağlı məşhur bəyanatının gerçəkləşdirilməsi yollarını arasın. Qorbaçovun öldürülməsi ilə bağlı bəyanat verən insandan hansı ciddi və doğru bir yanaşma gözləmək olar?" - Qəhrəmanlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti