...

Livan yalnız müharibə şəraitində İrandan hərbi yardım qəbul edə bilər - ekspertlər

Siyasət Materials 12 Avqust 2010 09:00 (UTC +04:00)
İranın Livanın Milli Ordusunu təchiz etməsi və bu ölkəyə hərbi yardım göstərmək təklifi hazırda reallığa uyğun deyil, lakin İsrail-Livan müharibəsi baş verərsə, bu təklif həyata keçirilə bilər.
Livan yalnız müharibə şəraitində İrandan hərbi yardım qəbul edə bilər - ekspertlər

Azərbaycan, Bakı, Trend /11 avqust, müxbir D.Xatınoğlu/

İranın Livanın Milli Ordusunu təchiz etməsi və bu ölkəyə hərbi yardım göstərmək təklifi hazırda reallığa uyğun deyil, lakin İsrail-Livan müharibəsi baş verərsə, bu təklif həyata keçirilə bilər.

Təlal Ətrisi, Livan Universiteti professorunun fikrincə, İranın Livan Ordusuna hərbi yardım etməsi yalnız ölkədəki bütün cinahların razılığı ilə həyata keçirilə bilər, bu isə mümkun deyil. Amma müharibə şəraitində Livanın İrandan yardım tələb etməsi istisna olunmur.

ABŞ avqustun 9-da Livan Ordusuna ayırdığı 100 milyon dollarlıq maliyyə yardımını dayandırıb. ABŞ İsrail-Livan sərhədində keçən həftə baş vermiş silahlı toqquşmada Livan tərəfini günahlandırıb və ona ayırdığı yardımın İsrail əleyhinə istifadə olunmasından çəkindiyini bildirib. Toqquşmada bir İsrail, üç Livan hərbçisi həlak olub. ABŞ Livandan maliyyə yardımını kəsdiyini bildirdikdən sonra, İranın Livandakı səfiri Qəzənfər Rüknabadi bildirib ki, İran Livan Ordusuna hərbi yardım göstərməyə və onu təchiz etməyə hazırdır.

Ətrisinin fikrincə, ABŞ-ın Livana maliyyə köməyini dayandırması bu ölkə üçün böyük şok oldu. "ABŞ-ın Livana köməyi hərtərəfli idi və yalnız silah yardımı deyildi. Ona görə də İran belə bir təklif irəli sürdü; baxmayaraq ki, İran-Livan arasında əlaqələr nisbətən yaxşılaşıb. Lakin bu təklifin həyata keçirilməsi üçün vaxt lazımdir və vacibdir ki, Livanda bütün siyasi tərəflər buna razılıq versin. Bu isə mümkün deyil",- Ətrisi telefonla Beyrutdan bildirib.

İran Livanda "Hizbullah" təşkilatı ilə sıx əlaqələrə malikdir və bu siyasi-militar təşkilata maliyyə, hərbi yardım edir. Qərb ölkələri və bəzi ərəb ölkələri "Hizbullah"ın İran əlində alətə çevrildiyini bildirirlər.

Ətrisi İranın Livana yardım etməsinə şübhə ilə yanaşaraq deyir: "Bunu bilmək lazımdır ki, İran həqiqətən də Livan Ordusuna yardım niyyətindədir, yoxsa siyasi manevr nümayiş etdirir".

İran-ərəb ölkələri münasibətləri üzrə ekspert Həsən Hanizadə isə düşünür ki, İran İslam Respublikası Livana məhəbbət və insanlıq naminə yardım etmək niyyətindədir. "Ərəb ölkələri Livanda daha çox tayfa və məzhəb ayrı-seçkiliyini dəstəkləyirlər, İran isə Livanda sabitliyin və milli birliyin tərəfdarıdır. Ərəb ölkələri 5 milyonluq Livan cəmiyyətinin 1,2 milyon nəfərini təşkil edən şiələrin hüquqlarını diqqətə almaq istəmirlər", - deyə Hanizadə Tehrandan bildirib.

İranlı ekspert əlavə edib ki, İran Livanda çoxlu şiə olduğu üçün bu ölkəyə xüsusi diqqət yetirir. "İran üçün əhəmiyyətli olan İsrail ordusunun hücumları qarşısında Livanın güclü olmasıdır. İsraillə mübarizə isə istər "Hizbullah" tərəfindən olsun, istərsə də Livanın rəsmi ordusu tərəfindən, İran üçün bir o qədər fərq eləmir", - deyə Hanizadə deyib.

Livanlı ekspert Ətrisi isə düşünür ki, Livan hazırda regionda bir çox maraqların mərkəzindədir və daxildə də İran və Suriyaya zidd olan qüvvələr güclüdür. Beləliklə, normal şəraitdə rəsmi Beyrut İranın hərbi yardımını qəbul etməyəcək. Onun sözlərinə görə, İsrail-Livan arasında müharibə baş verərsə, Livan bütün ölkələrdən, o cümlədən, İrandan silah yardımı qəbul edə bilər.

Məqalənin hazırlanmasında Ü.Sadıqova iştirak edib.

Xəbər lenti

Xəbər lenti