...

Livana silah tədarükü İsraildən qorunmağa istiqamətlənib – ordu nümayəndəsi

Siyasət Materials 27 Avqust 2010 00:01 (UTC +04:00)
İran daxil olmaqla, Livan ordusuna digər dövlətlər tərəfindən göstəriləcək istənilən hərbi dəstək hər şeydən əvvəl dövlətin sərhədlərinin gələcəkdə İsrailin hücumundan müdafiəsinə istiqamətlənəcək. Bu barədə Livan ordusunun rəsmi nümayəndəsi deyib.
Livana silah tədarükü İsraildən qorunmağa istiqamətlənib – ordu nümayəndəsi

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Ü.Sadıxova/

İran daxil olmaqla, Livan ordusuna digər dövlətlər tərəfindən göstəriləcək istənilən hərbi dəstək hər şeydən əvvəl dövlətin sərhədlərinin gələcəkdə İsrailin hücumundan müdafiəsinə istiqamətlənəcək. Bu barədə Livan ordusunun rəsmi nümayəndəsi deyib.

"Livan ordusunun başlıca vəzifəsi öz ərazisini və sərhədlərini İsrail hücumundan qorumaqdan ibarətdir", - Trend-ə telefonla Livan ordusunun əlaqələndirilməsi departamentinin rəhbəri deyib.

Livan Prezidenti Mişel Süleyman Livan-İsrail sərhədində son toqquşmanı nəzərə alaraq, İrana Livan ordusunun silahlanması və modernləşdirilməsi ilə bağlı rəsmi şəkildə müraciət edib. Prezident Süleyman İranın vəzifəli şəxslərindən Livan ordusuna qabaqcıl hərbi texnikanın tədarükü məsələsinə baxmağı xahış edib. Bu barədə İranın IRNA Dövlət İnformasiya Agentliyi yazıb.

Ordu nümayəndəsinin sözlərinə görə, bu xahiş İsraillə sərhəddə sakitliyin pozulacağı və ya Livan ərazisinə yeni hücumlar ediləcəyi təqdirdə, Livan ordusunun müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına istiqamətlənib.

Ordu nümayəndəsi izah edib ki, Beyruta digər ölkələrin silah verməsi ikitərəfli razılaşmaların imzalanması yolu ilə həyata keçirilir. O əlavə edib ki, Livan ordusu öz ərazilərinin suverenliyinin qorunması üçün İran da daxil olmaqla, istənilən dost ölkədən hərbi yardım almağa hazırdır.

Ölkələr arasında münasibətlər Tehranın Livanın silahlandırma hüququna malik müxalif "Hizbullah" partiyasını dəstəklədiyinə görə bir neçə müddət gərgin olub.

Livana İran silahının tədarükü məsələsi, Livan ordusunun və BMT sülhməramlılarının nəzarət etdiyi Livan-İsrail sərhədində silahlı toqquşma baş verdikdən sonra ABŞ-ın Beyruta 100 milyon dollar məbləğində hərbi yardımı dondurduqdan sonra aktullaşıb.

Toqquşma nəticəsində üç Livan əsgəri və İsrail ordusunun zabiti həlak olmuşdu. Livan Prezidenti bildirib ki, Livan ordusunun modernləşdirilməsi Beyrutun strateji ehtiyaclarını və ölkənin büdcə məhdudiyyətini nəzərə almalıdır.

Rəsmi Tehran Livanın müraciətinə artıq cavab verib. İranın müdafiə naziri Əhməd Vahidi bəyan edib ki, Tehran Livan ordusunun silahla təchiz etməyə hazırdır və əlavə edib ki, İran bu məsələ ilə bağlı istənilən xahişi yerinə yetirə bilər.

Livan ordusunun nümayəndəsi qeyd edib ki, hazırkı mərhələdə Livan hökumətinin qərarı gözlənilir.

"Özünümüdafiə qabiliyyətinin yaxşılaşdırılması ilə yanaşı, Livan ordusunun modernləşdirilməsi ölkənin daxili vəziyyətinin sabitləşməsi üçün də istifadə ediləcək, - departament rəhbəri bildirib.
- Digər üstünlük ondan ibarətdir ki, lazım olarsa Livan ordusu ölkədə sabitliyi təmin etmək üçün daxili təhlükəsizlik qüvvələrinə də kömək edə biləcək".

Ötən çərşənbə günü Beyrutda "Hizbullah" üzvləri və "əl-Əhbəş" hərəkatının tərəfdarları arasında son iki ildə ən gərgin toqquşma baş verib. Toqquşma nəticəsində dörd nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti