...

Azərbaycanın müxalifət partiyaları namizədlərinin razılaşdırılmasında anlaşılmazlıq yaranıb

Siyasət Materials 2 Sentyabr 2010 12:11 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqla (DUİ) razılaşdırdığı bəzi dairələri Xalq Cəbhəsi Partiyası (AXCP) ilə də müzakirə edir.
Azərbaycanın müxalifət partiyaları namizədlərinin razılaşdırılmasında anlaşılmazlıq yaranıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqla (DUİ) razılaşdırdığı bəzi dairələri Xalq Cəbhəsi Partiyası (AXCP) ilə də müzakirə edir.

"Müsavat Partiyası bizimlə razılaşdırdığı dairələrdə AXCP-yə güzəştə gedərsə, bu, yeni situasiyalar yaradacaq. Bu, "Müsavat"ın bizimlə razılaşdırdığı dairələri yenidən müzakirəyə çıxaran qarşı tərəfin problemidir", - bunu cümə axşamı Trend-ə DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Müxalif Müsavat Partiyası və DUİ çərşənbə günü bəyanat imzalayıblar. Bəyanatda DUİ ilə Müsavat arasında razılıq əldə edilən dairələrdən səkkizi - 8 saylı Binəqədi I, 25 saylı Nəsimi II, 26 saylı Sabunçu I, 29 saylı Səbail, 34 saylı Xətai II, 41 saylı Sumqayıt I, 79 saylı İmişli, 115 saylı Şəki kənd II seçki dairələri AXCP ilə yenidən müzakirələrə çıxarılıb.

Məsələyə Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı da münasibət bildirib.

"Razılaşdırılan dairələr DUİ tərəfindən Müsavata güzəştə gedilən dairələrdir. Müsavatın DUİ-yə güzəştə getdiyi dairələr AXCP ilə müzakirə olunmur və AXCP bu məsələyə loyal yanaşır. Biz DUİ ilə razılaşdırdığımız dairələrdə DUİ-nin namizədlərini müdafiə edəcəyik", - Hacılı Trend-ə deyib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti