...

Azərbaycan Prezidentinin rəsmi "YouTube" videokanalı fəaliyyətə başlayıb

Siyasət Materials 28 Sentyabr 2010 14:41 (UTC +04:00)
Azərbaycan Prezidentinin rəsmi "YouTube" videokanalı fəaliyyətə başlayıb.
Azərbaycan Prezidentinin rəsmi "YouTube" videokanalı fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Azərbaycan Prezidentinin rəsmi "YouTube" videokanalı fəaliyyətə başlayıb.

Sürətli qlobal texnoloji inkişafı və internetin artan əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin rəsmi İnternet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənmiş, saytın məktəblilər üçün xüsusi versiyası hazırlanmış məşhur qlobal sosial şəbəkə olan "Twitter"də Prezidentin səhifəsi fəaliyyətə başlayıb. "İPhone" istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanıb və çox sayda digər yeni funksiyalar istifadəçilərin xidmətinə verilib.

Dinamik inkişaf edən informasiya məkanında multimedia məzmuna malik məlumatların yüksələn önəmini nəzərə alaraq, məşhur videopaylaşım saytı olan "YouTube" ilə əldə edilmiş razılığa əsasən, Azərbaycan Respublikası Prezidentinin rəsmi "YouTube" videokanalı fəaliyyətə başlayıb. MDB ölkələri arasında yalnız Rusiya və Azərbaycan prezidentlərinin rəsmi "YouTube" kanalı vardır.

Rəsmi "YouTube" kanalının adi istifadəçi kanallarından fərqi ondan ibarətdir ki, kanalın dizaynı Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinə tam inteqrə olunub, videoçarxların həcminə və uzunluğuna qoyulan məhdudiyyətlər götürülüb.

Kanalda Azərbaycan Prezidentinin nitqlərinin, görüşlərinin, qəbullarının, tədbirlərdə iştirakının, mətbuat konfranslarının, müsahibələrinin videogörüntülərinə baxmaq mümkündür.

Hazırda administrasiya ilə "YouTube" arasında müzakirələr davam etdirilir. Yaxın gələcəkdə "YouTube" ilə birgə yeni iri layihələrin həyata keçirilməsi gözlənilir.

Prezidentin "YouTube" kanalına rəsmi İnternet-səhifədən (president.az) və ya birbaşa aşağıdakı ünvandan daxil olmaq mümkündür: www.youtube.com/presidentaz

Xəbər lenti

Xəbər lenti