...

Fələstin administrasiyası gələn həftə birbaşa sülh danışıqlarından çıxacaq – rəsmi nümayəndə

Siyasət Materials 1 Oktyabr 2010 09:00 (UTC +04:00)
Fələstin Milli Administrasiyası artıq gələn həftə Ərəb Dövlətləri Liqasının XİN rəhbərlərinin iclasından sonra israillilərlə birbaşa danışıqlardan çıxdığını elan edəcək.
Fələstin administrasiyası gələn həftə birbaşa sülh danışıqlarından çıxacaq – rəsmi nümayəndə

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

Fələstin Milli Administrasiyası artıq gələn həftə Ərəb Dövlətləri Liqasının XİN rəhbərlərinin iclasından sonra israillilərlə birbaşa danışıqlardan çıxdığını elan edəcək. Bu barədə Trend-ə rəsmi nümayəndə Ziyad Əbu Eyn məlumat verib.

"Fələstin administrasiyası öz qərarını ayrıca elan etməyəcək, o, bunu ərəb dövlətləri XİN rəhbərlərinin oktyabrın 6-da keçiriləcək iclasında edəcək. Ola bilsin ki, sülh danışıqlarının dayandırılması elan olunacaq və bunun üçün məsuliyyət tamamilə İsrailin üzərinə düşəcək", - Əbu Eyn Ramallahdan telefonla bildirib.

Fələstinlilərin və israillilərin iki illik fasilədən sonra sentyabrın əvvəlində bərpa etdikləri birbaşa sülh dialoqu İsrailin qərb sahilində yaşayış məskənlərinin tikintisinə qoyulan və müddəti sentyabrın 26-da başa çatan qadağanın vaxtını uzatmağa razılıq verməməsi üzündən təhlükə altında qalıb.

Cavab olaraq Fələstin administrasiyası bəyan edib ki, "Yaxın Şərq dördlüyü"nün (RF, ABŞ, Aİ və BMT) vasitəçiliyi ilə aparılan danışıqları davam etdirməyəcək, lakin məsələni gələn həftə Qahirədə toplaşacaq Ərəb Dövlətləri Liqasının müzakirəsinə verib.

Administrasiyanın rəsmi nümayəndəsi Əbu Eyn ərəb dövlətlərinin məskənlərin tikintisinə qoyulan qadağanın müddəti uzadılmayınca danışıqları davam etdirməməklə bağlı fələstinlilərin mövqeyini tam dəstəklədiklərini bildirib.

Ərəb dövlətlərinin Mahmud Abbas administrasiyasına israillilərlə birbaşa dialoqu bərpa etməklə bağlı bundan əvvəl göstərdikləri təzyiqlərdən fərqli olaraq, bu dəfə ƏDL administrasiyanın mövqeyini dəstəkləyir.

"Qarşıdakı iclas Fələstin administrasiyasının mövqelərinə çox böyük dəstək olacaq. İndiki mərhələdə ərəb dövlətləri arasında sülh danışıqlarının gələcəyi ilə bağlı tam qarşılıqlı anlaşma və yekdillik mövcuddur, - fələstinli məmur bildirib. - Ərəblərin mövqeyi belədir ki, işğal olunmuş ərazilərdə məskunlaşma ilə bağlı fəaliyyət aparıldıqca İsraillə danışıqlar davam etdirilə bilməz".

Ərəb dövlətləri əsas problemlərin yekun həlli ilə başa çatmalı olan sülh danışıqlarının pozulmasına görə məsuliyyəti Fələstin administrasiyası ilə bir səviyyədə İsrailin üzərinə qoyur.

"İsrailin seçimi var: o ya yaşayış evlərinin tikintisini dayandırır və fələstinlilərlə sülh danışıqları aparır, ya da məskunlaşma siyasətini davam etdirir", - Əbu Eyn deyib.

Onun sözlərinə görə, sülh danışıqlarının tam dayandırılacağı təqdirdə, ərəb dövlətlərinin və Fələstin administrasiyasının siyasi kursu müstəqil Fələstin dövlətinin yaradılmasına yönəldiləcək.

Əvvəllər bu barədə Mahmud Abbas administrasiyanın Baş naziri Salam Fəyyad dəfələrlə bəyan edib.
Sülh danışıqlarının pozulmasının mümkünlüyü İsrail rəhbərliyini işğal olunmuş ərazilərdə yaşayış komplekslərinin tikintisini dondurmağa çağıran ABŞ administrasiyasını və Aİ-ni narahat edir.

1967-ci ildə İsrailin işğal etdiyi İordan çayının qərb sahilində 300 mindən artıq yəhudinin yaşadığı yüzdən artıq yəhudi məskəni var. Beynəlxalq birliyin fikrincə, işğal olunmuş ərazilərə aid edilən Şərqi Qüdsdə daha 200 mindən artıq yəhudi yaşayır ki, onların statusu da Fələstin-İsrail danışıqları zamanı müəyyən edilməli idi.

Xəbər lenti

Xəbər lenti