Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/
Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı ATƏT müşahidə missiyasının üzvlərini qəbul edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı Vaqif Əliyevin Parlament seçkiləri ilə əlaqədar ölkəmizə ezam olunmuş ATƏT müşahidə missiyasının üzvləri Ceyn Coplinq və Valeri Amsiulaşvili ilə görüşündə Sumqayıt şəhərində seçkiyə hazırlıq məsələləri müzakirə olunub.
İcra başçısı bildirib ki, Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən 4 dairə və 132 məntəqə seçki komissiyasının maddi-texniki təchizatı lazımi səviyyədə təşkil olunub və müxtəlif inzibati binalarda yerləşən məntəqələr seçkilərin keçirilməsinə tam hazırdır.
ATƏT-in uzunmüddətli müşahidəçiləri olduqlarını bildirən xanım Coplin Bakı şəhəri ilə yanaşı, Sumqayıtda da seçkiləri müşahidə edəcəklərini, bu baxımdan seçkiyə hazırlıq vəziyyəti ilə tanış olmaq üçün Sumqayıta səfər etdiklərini deyib.
Görüşdə həmçinin seçki kampaniyası üçün müəyyən edilmiş yerlər, namizədlərin təşviqat işləri üçün yaradılmış şərait barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.