...

Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib

Siyasət Materials 29 Oktyabr 2010 18:43 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsində bu ilin 9 ayının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyev/

Bakı şəhər Baş Polis İdarəsində bu ilin 9 ayının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

İdarənin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

O bildirib ki, hesabat dövründə Bakı şəhərində 8030 cinayət hadisəsi qeydə alınıb, onların 6992-si və ya 87 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 1038-i və ya 13 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub.

Həyata keçirilən profilaktik tədbirlərin sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində Bakı şəhərində quldurluqlar 7 fakt (7,8 faiz), soyğunçuluqlar 53 fakt (25,4 faiz), adam oğurluqları 5 fakt, insan alveri 8 fakt (23,5 faiz), narkotik vasitələrlə bağlı cinayətlər 37 fakt (3,1 faiz) azalıb, ölümə sui-qəsdlər sabit qalıb, adamları girov götürmə, cinayətkar birlik yaratma (banditizm) kimi cinayətlər isə ümumiyyətlə qeydə alınmayıb. Ümumi cinayətlərin açılması 80 faiz, ağır cinayətlərin açılması isə 77 faiz təşkil edib, keçən ilin müvafiq dövrü ilə müqayisədə sabit qalıb.

Hesabat dövründə 20 quldurluq cinayəti törətmiş 22 nəfərdən ibarət 10 cinayətkar qrup, 19 soyğunçuluq cinayəti törətmiş 32 nəfərdən ibarət 11 qrup və 36 mənzil oğurluğu törətmiş 48 nəfərdən ibarət 19 qrup ifşa edilib.

Axtarışda olan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilib, 1067 cinayətkardan (2009-cu ildə 1180) 697-nin tutulması təmin edilib, axtarış tədbirlərinin səmərəli təşkili nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarışda olan təqsirləndirilən şəxslərin sayı azalıb.

Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də yaxşı nəticələr əldə edilib, qeydə alınmış 1173 cinayət hadisəsinin 90 faizinin açılması təmin olunub. Eyni zamanda, 45 nəfərdən ibarət 36 cinayətkar qrup ifşa olunub. 130 kiloqram çəkidə narkotik vasitə, o cümlədən 18,7 kiloqram tiryək, 24,2 kiloqram heroin, və 24,5 kiloqram həşiş qanunsuz dövriyyədən çıxarılıb.

2010-cu ilin 9 ayı ərzində paytaxtda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması sahəsində 482 cinayət hadisəsi (o cümlədən 215 ölümlə nəticələnən) qeydə alınıb. Həyata keçirilən profilaktiki tədbirlərin sayəsində yol-nəqliyyat hadisələrinin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 fakt (2,8 faiz) azalıb. Avtoxuliqanlara qarşı mübarizə xüsusilə gücləndirilib, bu sahədə 376 fakt aşkar olunaraq müvafiq tədbirlər görülüb.

Hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, şəhər miqyaslı 147, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 94 tədbir zamanı ictimai hüquq qaydaları təmin edilib, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz aksiyaların keçirilməsinə yönəlmiş 11 cəhdin qarşısı alınıb.

Bakı şəhər BPİ-də kadrların düzgün seçilib yerləşdirilməsi də xüsusi nəzarətdə saxlanılıb, şəxsi heyətin təhsilinin və peşəkarlığının artırılması, fiziki və döyüş hazırlığının, şəxsi və mənəvi keyfiyyətlərinin daha da yüksəldilməsi üçün ardıcıl tədbirlər görülüb.

İstintaq işlərinin və təhqiqatların aparılması, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, əhalidən gələn şikayətlərin, məktubların öyrənilməsi, onların qəbulunun keçirilməsi, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müvafiq işlər görülüb, müsbət nəticələr əldə edilib.

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar ictimaiyyətlə işgüzar əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların təklif və şikayətlərinin qəbul edilməsi və müraciətlərə operativ cavab verilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsində qaynar telefon xətti yaradılıb.

Məruzə ətrafında çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri görülmüş işlər barədə danışıb, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Xəbər lenti

Xəbər lenti