Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində tədbir keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin cümə günü yaydığı məlumata görə, dahi öndərin həyat və fəaliyyətini əks etdirən muzeydə təşkil olunmuş mərasimdə şıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov ümummilli liderin ən çətin və mürəkkəb şəraitlərdə Azərbaycanın müstəqilliyi və xalqın mənafeyi naminə özünün və yaxınlarının həyatını təhlükədə qoymaqdan belə çəkinmədiyini vurğulayıb.
Bu gün həyatımızın bütün sahələrində, o cümlədən iqtisadi, siyasi, mədəni, hüquqi, beynəlxalq və sair sahələrdə əldə olunan nailiyyətləri məhz bu istiqamətlərdə Heydər Əliyev kursuna sadiqliyin, onun ideyalarına dönməzliyin nəticəsi kimi dəyərləndirən natiq dahi şəxsiyyətlə eyni dövrdə yaşamağın da böyük şərəf olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Penitensiar Xidmətin məsul əməkdaşları da Azərbaycan dövlətçiliyinin tarixində əbədi yer tutan dahi liderin xalqımızın suverenliyinin möhkəmləndirilməsi və inkişafında xüsusi rolunu qeyd edərək, onun fəaliyyətinin indiki və gələcək nəsillər üçün nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər.
Tədbirin sonunda iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa ediblər.