Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamentinin müxalifətçi deputatları parlament rəhbərliyində təmsil olunmaq istəyirlər.
Trend-in məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deyib ki, 1990-cı ildə müxalifətdən olan deputatlar parlament üzvlərinin üç faizini təşkil etsələr də, parlament rəhbərliyində təmsil olunurdular.
"O vaxt müxalifət nümayəndələrindən bir nəfər parlament sədrinin müavini, üç nəfər isə parlament komitəsinin sədri vəzifəsini tuturdu. Bu gün müxalif deputatlar Milli Məclis tərkibinin on faizini təşkil edir", - Rüstəmxanlı bildirib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, burada müxalifət nümayəndələri parlament rəhbərliyində təmsil olunmur.
"Gözləyirdik ki, yeni Milli Məclis formalaşdırılanda müxalifət nümayəndələri parlament rəhbərliyində təmsil olunacaq. Lakin müxalifətə heç komitə sədri səviyyəsində də təmsilçilik verilmədi. Bu məsələ öz həllini tapmalıdır, bunun da həlli yollarından biri parlamentdə yeni komitələr yaratmaqdır", - Həsənquliyev deyib.