Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir T.Konyayeva/
Belarus Respublikasında keçirilən prezident seçkiləri Belarus cəmiyyəti və dövləti üçün mühüm siyasi hadisədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ölkənin Azərbaycandakı səfiri Nikolay Patskeviç mətbuat konfransında deyib.
"Seçkilər Belarus Respublikasının Seçki Məcəlləsi əsasında keçirilib. Namizədlər tərəfindən təbliğat işləri və piketlərin təşkili, seçicilərlə görüş imkanları xeyli genişləndirilmişdi", - səfir qeyd edib.
Dekabrın 19-da Belarusda prezident seçkiləri keçirilib. Belarus MSK-nın ilkin məlumatlarına görə, Lukaşenkonun "lehinə" seçicilərin 79,67 faizi səs verib.
Təhlükəsizliyin təmini və vaxtından əvvəl səsvermə prosesinə inamın artırılması üzrə əlavə tədbirlər görülüb. Namizədlərə şikayətlərin verilməsi müddətinin artırılması sayəsində seçkilərin nəticələrinə görə mübahisə aparmaq üçün əlavə zəmanətlər verilib.
"Seçki hüququnun məhkəmə müdafiəsinin effektivliyi artırılmışdı. Bütün bu tədbirlər Belarus Respublikasının milli qanunvericiliyinə uyğun, beynəlxalq öhdəlik və standartlar layiqli şəkildə nəzərə alınmaqla, demokratik və açıq seçkilərin keçirilməsinə yönəlmişdi", - diplomat qeyd edib.
Səfir vurğulayıb ki, seçki kampaniyası ərzində heç bir gərginlik olmayıb, müşahidəçilər tərəfindən seçki prosesinin təşkilində ciddi çatışmazlıq qeydə alınmayıb.