...

Azərbaycanın hakim partiyasının təşəbbüsü ilə ağacəkmə kampaniyası keçirilib

Siyasət Materials 24 Dekabr 2010 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə cümə günü Bakının Nərimanov rayonu ərazisində ağacəkmə kampaniyası keçirilib.

Trend-in məlumatına görə, YAP-ın sədr müavini, icraçı katibi Əli Əhmədov tədbir zamanı jurnalistlərə bildirib ki, keçirilən aksiya Prezident İlham Əliyevin elan etdiyi "Ekologiya ili" çərçivəsində reallaşdırılan tədbirlər sırasından növbəti kampaniyadır.

"Bu aksiya ilə YAP abadlığa, quruculuğa önəm verən siyasi təşkilat olduğunu bir daha nümayiş etdirir", - Əhmədov bildirib.

Onun sözlərinə görə, illər sonra indi əkilən ağaclar ərazini yaşıllaşdıracaq, insanların sağlam yaşamasına səbəb olacaq.

Nərimanov rayonunun icra başçısı Abdin Fərziyev jurnalistlərə bildirib ki, cümə günü bir hektar ərazidə 350 ağac əkilib. Onun sözlərinə görə, əkilmiş və damcılı üsulla suvarılacaq ağaclara qulluq etmək üçün xüsusi briqada ayrılıb.

Milli Məclisin vitse-spikeri Bahar Muradova aksiya zamanı jurnalistlərə bildirib ki, Azərbaycanda son illər ekologiya sahəsində genişmiqyaslı işlər görülüb. Muradova hesab edir ki, Azərbaycan Prezidentinin ağac əkmək çağırışına hər bir vətəndaş qoşulmalıdır. "Bir neçə ildən sonra Azərbaycan Avropa ölkələri kimi yaşıl respublika olacaq", - Muradova bildirib.

Xəbər lenti

Xəbər lenti