...

Azərbaycanın müxalifət partiyasının sədri Müsavat Partiyasındakı istefaların səbəbini açıqlayıb

Siyasət Materials 11 Yanvar 2011 09:00 (UTC +04:00)
Azərbaycanın müxalif Demokrat Partiyasının sədri düşünür ki, Müsavat Partiyasından uzaqlaşmalar davam edəcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasında baş verən son istefaları şərh edərkən deyib.
Azərbaycanın müxalifət partiyasının sədri Müsavat Partiyasındakı istefaların səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Demokrat Partiyasının sədri düşünür ki, Müsavat Partiyasından uzaqlaşmalar davam edəcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasında baş verən son istefaları şərh edərkən deyib.

"Müsavat Partiyasında baş verən hadisələr parlament seçkilərindəki uğursuzluqla bağlıdır", - Cəlaloğu deyib.

ADP sədrinin sözlərinə görə, bundan əvvəlki dövrlərdə başqa partiyalardan fərqli olaraq, Müsavat demək olar, bütün parlament seçkilərində müəyyən yer əldə edə bilib.

"Müsavat Parlament partiyası funksiyasını daşıyıb. Bu da partiyanın gələcəyinə həm ümidləri qoruyub saxlayırdı, həm də müəyyən mənada partiya üzvləri arasında birliyin yaranmasını təmin edirdi. Bu seçkilərdə Müsavat parlamentdə yer ala bilmədi və ilk dəfə dövlətin həyatından tamamilə kənarlaşdı. Bizim kimi partiyalarda belə hallar uzun müddət davam etdiyinə görə, hakimiyyətdə heç vaxt təmsil olunmadığımıza görə belə problemimiz yoxdur. Müsavat Partiyası bizdən fərqli olaraq, vaxtilə hakimiyyətdə olan qüvvələr tərəfindən yaradılıb və bu partiyanın ətrafında insanların toplaşmasının bir səbəbi də məhz təkrar hakimiyyətdə olmaq iddiasından ibarət idi. Müsavat Partiyasında böyük nailiyyətsizlik sindromu yaranıb. Bizim üçün bu gözlənilən idi, ancaq Müsavat üçün, açığı deyim ki, bu hadisə gözlənilməzlik effekti yaratdı", - Cəlaloğlu əlavə edib.

Son dövrlər Azərbaycanın müxalif Müsavat Partiyasının dörd funksioneri - Sülhəddin Əkbər, İbrahim İbrahimli, Adil Qeybulla və Qabil Hüseynli partiyadan istefa verib.

Azərbaycanda parlament seçkiləri ötən il noyabrın 7-də keçirilib.

Müsavat Partiyasından namizədlərin heç biri seçkidə uğur qazana bilməyib.

ADP sədrinin sözlərinə görə, Müsavatın parlament seçkilərindən sonra aldığı zərbə partiya üçün qeyri-ənənəvidir və çaşqınlıq yaradıb.

Cəlaloğlu deyib ki, bu uğursuzluğu da qabaqcadan proqnozlaşdırmaq lazım idi.

"Belə hallarda partiyada seçkidən sonra müəyyən addımlar atıb uğursuzluğu kompensasiya etmək olardı. Bu addımlar qabaqcadan planlaşdırılmalı idi. Məsələn, AXCP ilə birləşmə bunu aradan qaldıra bilərdi. Müsavat öz daxili siyasətində fərqli prinsiplər müəyyən etməklə, özünün ideologiyasına yenidən baxmaqla, partiyada islahatlarla, kadr dəyişiklikləri ilə bu nailiyyətsizlik sindromunun nəticələrini ləğv edə bilərdi",- o, bildirib.

ADP sədrinin sözlərinə görə, Müsavat Partiyasında tamamilə əks istiqamətdə proseslər gedir.

"Konservativ qüvvələr daha sıx şəkildə birləşiblər. Partiyada hər hansı bir ideoloji və prinsipial dəyişikliyin aparılmasına razılıq verməyiblər. Kadrların dəyişilməsində də heç bir ciddi yerdəyişmə baş verməyib. Təbii ki, bunun nəticəsində partiyada həmən nailiyyətsizlik sindromu işə düşüb və müəyyən qüvvələrin partiyadan uzaqlaşmasına səbəb olub. Mən bunu seçkilərin nəticələrindən dolayı Müsavat Partiyasının gözləntiləri müqabilində əldə edilməyən nəticələrin təsiri kimi başa düşürəm", - Cəlaloğlu vurğulayıb.

"Dünyanın heç bir partiyasında heç bir insan əbədi üzv deyil. Partiya qrup şəklində fərdi maraqların təmin edilmə formasıdır. Hər hansı bir adamın fərdi maraqları konkret bir qrupda təmin olunmursa, təbii ki, o, başqa bir qrupa meyllənməlidir və ya olduğu qrupdan çıxmalıdır", - o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti