...

Yunanıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 17 Yanvar 2011 15:27 (UTC +04:00)
Yunanıstanın xarici işlər nazirinin müavini Spiros Kubelis fevralda Azərbaycana gələcək.
Yunanıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir S.Ağayeva/

Yunanıstanın xarici işlər nazirinin müavini Spiros Kubelis fevralda Azərbaycana gələcək.

Azərbaycan və Yunanıstanın hökumət nümayəndələri fevralın 2-3-də Bakıda keçiriləcək Ticari-İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın üçüncü iclası çərçivəsində ticari-iqtisadi əməkdaşlıq perspektivlərini nəzərdən keçirəcəklər. Bu barədə bazar ertəsi Trend-ə Yunanıstanın Bakıdakı səfirliyindən məlumat verilib.

İclasda iştirak etmək üçün Yunanıstan xarici işlər nazirinin müavini, Yunanıstan tərəfdən komissiyanın həmsədri Spiros Kubelisin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bu barədə diplomatik missiyadan məlumat verilib.

"Hazırda hər iki tərəf iclas başa çatdıqdan sonra imzalanacaq protokol mətninin razılaşdırılması üzərində işləyir", - səfirlikdən bildirilib.

Ölkələr hazırda 15 sazişin mövcud olduğu ikitərəfli əməkşdaşlığın müqavilə-hüquq bazasını möhkəmləndirmək niyyətindədirlər. Bu barədə Trend-ə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev deyib.

Hazırda Yunanıstan və Azərbaycan tərəfi 10-dan çox yeni hökumətlərarası saziş layihələrinə baxır.

Tərəflər artıq daha vacib sənəd - 2010-2012-ci illərdə elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan və Yunanıstan arasında əməkdaşlıq proqramı layihəsi üzərində işləyirlər, səfir bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi öz təkliflərini Yunanıstan tərəfə təqdim edib və hazırda mövcud layihə üzrə cavab təklifləri gözləyir. Bu sənədin imzalanması tərəflərə qeyd olunan sahələrdə konkret layihə əməkdaşlığına keçməyə imkan verəcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət mübadiləsi 15,9 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti