...

Azərbaycanın Misirdəki səfirliyinin fəaliyyəti üçün təhlükə yoxdur

Siyasət Materials 29 Yanvar 2011 14:02 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyi adi rejimdə işləyir və hələ ki onun fəaliyyəti üçün təhlükə yoxdur.
Azərbaycanın Misirdəki səfirliyinin fəaliyyəti üçün təhlükə yoxdur

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Misirdəki səfirliyi adi rejimdə işləyir və hələ ki onun fəaliyyəti üçün təhlükə yoxdur.

Səfirliyin binası əvvəllər olduğu kimi, yerli polis tərəfindən mühafizə olunur və onun işi adi rejimdə davam edir. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın Qahirədəki diplomatik missiyasından məlumat verilib.

Diplomatik missiyada Misirdə müxalifətin kütləvi aksiyaları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur və soydaşlarmızdan bununla bağlı heç bir müraciət daxil olmayıb.

Bundan başqa, səfirlikdə ölkədə baş verən iğtişaşlar nəticəsində problemlərin yarana biləcəyi təqdirdə, Azərbaycan vətəndaşları üçün "qaynar xətt" yaradılıb və diplomatik missiyanın əməkdaşları hansısa problemin yaranmaması üçün növbə çəkirlər, səfirlikdən deyiblər.

Şənbə günü xalqın etiraz aksiyaları ölkə prezidenti Hüsni Mübarəkin hökumətin istefası haqqında bəyanatlarına baxmayaraq, Misirin bütün böyük şəhərlərində davam edib. Misir lideri dünən millətə televiziya ilə müraciətində qeyd edib ki, xalqın azad şəkildə öz iradəsini bildirməsini, nümayiş hüququnu dəstəkləyir, lakin qeyd edib ki, bir sıra hallarda "nümayişçilər qanuni hədləri aşıblar".

Misirdə iqtisadi və siyasi islahatların keçirilməsinin, həmçinin ölkəni 30 ildir idarə edən 82 yaşlı prezident Hüsni Mübarəkin istefasının tələb edildiyi nümayişlər yanvarın 25-də başlayıb. Cümə günü kütləvi etiraz aksiyaları Misirin Qahirə və digər şəhərlərində davam etdirilib. 24 nəfər iğtişaşların qurbanı olub, 1,1 mindən çox yaralanıb.

Hazırda Misirdə 70-ə yaxın Azərbaycan vətəndaşı yaşayır və oxuyur.

Xəbər lenti

Xəbər lenti