...

Müxalifət ABŞ və İsrailin əlində alətə çevrilib - İran deputatı

Siyasət Materials 17 Fevral 2011 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir T.Cəfərov/

Ölkə daxilində bəzi müxalif qüvvələr "sionist rejimi" (İsrail) və ABŞ-ın aldadıcı planlarını həyata keçirmək istəyir, lakin xalq və təhlükəsizlik qüvvələrinin ayıqlığı onlara öz məkrli planlarını icra etməyə imkan verməyəcək. Bu barədə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının mətbuat katibi, millət vəkili Kazım Cəlali telefonla Trend-ə bildirib.

Cəlali əlavə edib ki, bu kimi hərəkətlərin İran xalqının milli iradəsinə heç bir təsiri olmayacaq. "İran xalqı fevralın 11-də keçirdikləri mitinqdə ölkədəki sistem və ali rəhbərləri ilə həmrəyliklərini nümayiş etdirdilər", - Cəlali deyib.

İranda İslam İnqilabının qələbəsinin 32-ci ildönümü münasibətilə hər il olduğu kimi bu il də fevralın 11-də genişmiqyaslı mitinq keçirilib. Fevralın 14-də isə Tehranda və İranın digər şəhərlərində müxalifət Misir və Tunis xalqlarına dəstək aksiyası keçirmək istəyib. Bunun üçün ölkə DİN-ə rəsmi müraciət ünvanlansa da müsbət cavab almaq mümkün olmayıb. Dünən keçirilən mitinqdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib. İran polisi Tehranda keçirilən aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində azı 1 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən artıq etirazçı isə saxlanılıb. İranın MEHR xəbər agentliyinin məlumatına əsasən, dünənki hadisələrdə 1 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. İran Polis Komandanlığının rəis müavini Əhmədrza Radan həmin hadisələrdə 9 polis əməkdaşının yaralandığını bildirib.

Cəlali ötən gün Tehranda "kiçik toplantılar"ın təşkilinə cəhd edildiyini və bunun çox əhəmiyyətli bir şey olmadığını deyib. "Dünən elə də xüsusi hadisə baş verməyib, şəhərin bir neçə yerində kiçik toplaşma cəhdi olub. Toplaşanların ümumi sayı 50-100 nəfər civarında olub", - o deyib.

Cəlali müxalifət liderlərinə qarşı xalqın səbrinin tükəndiyini və onların mühakimə olunmalarını istəmələrini təbii hesab edir. "İran xalqı, rəsmilər və parlament nümayəndələrinin səbri tükənib və belə bir şəraitdə "fitnə amillərinə" qarşı ölçü götürülməsini istəmələri təbiidir. Bu gün parlament nümayəndələri də bu barədə bəyanat verdilər", - İran deputatı bildirib.

İranın /jamejamonline.ir/ internet qəzetinin məlumatına əsasən, parlamentin 180 deputatı müxalifət liderlərindən olan Mir Hüseyn Musəvi və Kərrubinin mühakimə olunaraq edam edilməsini istəyiblər. Onlar Musəvi və Kərrubini ölkənin milli təhlükəsizliyinə qarşı hərəkətlər etməkdə ittiham ediblər.

Xəbər lenti

Xəbər lenti