Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın siyasi partiya sədrləri müxalifətin inteqrasiya məsələsini müzakirə ediblər.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan ilə Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib. VİP-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş VİP və ALP-nin fevralın 26-da yayılan və müxalifət qüvvələrinin bir araya gəlməsinin vacibliyini əks etdirən birgə müraciətinin dəyərləndirilməsi məqsədilə təşkil olunub.
Üç partiya liderinin apardığı müzakirələrdə ölkədəki ictimasi-siyasi vəziyyət, yaxın coğrafiyada cərəyan edən proseslər və müxalifət qüvvələrinin bir araya gəlmək imkanları diqqət mərkəzində olub.
ALP ilə VİP-in məlum təşəbbüsünü müsbət qiymətləndirən Mirəlioğlu ölkənin demokratikləşdirilməsi istiqamətində müxalifətin birgə fəaliyyətinin təşkilinə ciddi ehtiyac olduğunu vurğulayıb. KXCP sədri müxalifət qüvvələrinin əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyünə dair qənaətlərini bölüşüb.
Əliyev ilə Temirxanın qarşıdakı günlərdə digər müxalifət partiyalarının rəhbərləri ilə də analoji görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın siyasi partiya sədrləri müxalifətin inteqrasiya məsələsini müzakirə ediblər
Azərbaycanın siyasi partiya sədrləri müxalifətin inteqrasiya məsələsini müzakirə ediblər.
