...

İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvan şəhəri ilə tanış olub (FOTO)

Siyasət Materials 15 Mart 2011 23:12 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə Kəngərli rayonunun Xok kəndində və Naxçıvan şəhərində bərpa edilən kəhrizlərlə tanış olmuşdur.
İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvan şəhəri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Çərşənbə axşamı Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə Kəngərli rayonunun Xok kəndində və Naxçıvan şəhərində bərpa edilən kəhrizlərlə tanış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xok kəndindəki "Çay" və Naxçıvan şəhərindəki "Qələndər" kəhrizlərində görülən işlər barədə ali qonağa məlumat vermişdir.
Bildirilmişdir ki, 13 quyudan ibarət olan "Çay" kəhrizinin bərpasına ötən ilin mayında başlanılmış və cari ilin martında istifadəyə verilmişdir. Bərpa nəticəsində su sərfi saniyədə 140 litrdən 180 litrə çatdırılmışdır. Bu kəhrizin suyu ilə 70 hektar əkin sahəsi suvarılır. Həmçinin 300 ailə, iki fermer təsərrüfatı təmiz içməli sudan istifadə edir.

"Qələndər" kəhrizi Naxçıvan şəhərindəki 19 kəhrizdən biridir. Üç quyudan ibarət bu kəhriz də əhalinin və təsərrüfatların suya tələbatının ödənilməsində mühüm rol oynayır.

Kəhrizlərlə tanış olan Prezident Mişelin Kalmi-Rey demişdir ki, Naxçıvana səfərimdən və İsveçrənin belə layihələrin reallaşdırılmasında iştirakından çox məmnunam. Çünki kəhrizlər bərpa olunarkən həm iş yerləri açılır, insanlar təmiz içməli su ilə təmin edilir, həm də sizin adət-ənənəniz qorunub saxlanılır. Hesab edirəm ki, bu kəhrizlərin bərpası İsveçrə ilə Azərbaycan arasında dostluq münasibətlərinin bir rəmzidir.

Kəhrizlərlə tanışlıqdan sonra İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey muxtar respublika Ali Məslisinin sədri Vasif Talıbov ilə birlikdə Naxçıvan şəhərini gəzmiş, Açıq Səma Altında Muzeyə və Möminə Xatın türbəsinə baxmışdır.

Ali qonağa məlumat verilmişdir ki, Azərbaycan xalqının dekorativ tətbiqi sənətinin ən yaxşı nümunələrindən olan daşdan yonulmuş mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliği məqsədi ilə yaradılmış Açıq Səma Altında Muzeydə əsasən muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində toplanan müxtəlif dövrlərə aid, o cümlədən Gəmiqaya arxeoloji ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələri - daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş olunur.
Muzeydəki 5 min illik tarixə malik eksponat qonaqlarda böyük maraq doğurmuşdur.

İsveçrə Prezidentinə bildirilmişdir ki, Şərq memarlığının incilərindən olan Möminə Xatın türbəsi 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilmişdir. Əcəmi Naxçıvaninin dövrümüzə qədər gəlib çatan ən gözəl əsəri olan bu türbə Azərbaycanın çoxsaylı qədim abidələrindən biridir. Monumental, əzəmətli bir tikili olan Möminə Xatın türbəsi Naxçıvana gələn səyyahların diqqətini cəlb etmiş və abidə haqqında məlumatlar bir çox əsərlərdə əksini tapmışdır. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar vermiş, abidənin tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır.

Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Sərdabada Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, Möminə Xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Türbənin baştağında kufi xətti ilə bu sözlər yazılmışdır: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".

İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvanın gözəl şəhər olduğunu qeyd etmiş, tarixi və memarlıq abidələrinin onda xoş təəssürat yaratdığını bildirmişdir.

Xəbər lenti

Xəbər lenti