Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Mərkəzi aparatın və Bakı hərbi prokurorluğunun əməkdaşlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev: hüquqi dövlət və qanunçuluq" mövzusunda elmi-praktik konfrans keçirilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hərbi Prokurorluğun rəhbər heyəti ulu öndər Heydər Əliyevin prokurorluğun inzibati binasındakı büstünün önünə əklil və gül dəstələri qoyub.
Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda məruzə ilə çıxış edən Azərbaycan baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə generaral-leytenantı Xanlar Vəliyev məruzəsində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildən başlayaraq müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat verib.
Ulu öndərimizin siyasi rəhbərliyi dövründə Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasında özünə layiqli yer tutduğunu diqqətə çatdıran hərbi prokuror Xanlar Vəliyev, aparılmış mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizin demokratik, hüquqi və sivil dövlətə çevrildiyini, qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar edildiyini faktlarla əsaslandırıb.
Bildirilib ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir.
Hərbi prokuror xidmətləri ilə əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində Respublika Hərbi Prokurorluğunda bir çox işlər görüldüyünü qeyd edib.
Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla həyata keçirdiyini vurğulayan hərbi prokuror, dövlətimizin başçısının Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən də bəhs edib.
Konfransda Bakı Hərbi Prokurorluğunun müstəntiqi, ədliyyə leytenantı Cavid Xəlilov çıxış edərək dahi rəhbərimizin doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyü möhtəşəm islahatlardan və onun siyasi fəaaliyyətindən, ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğısından danışıb.
Mərasimə yekun vuran ədliyyə general-leytenantı Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi ulu öndərimiz Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması işində səylərini daha da artıracaq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarığını sərf edəcək.